Accessibility links

Silah qalmaqalı böyüyür. Moskvanın izahatına Bakıdan reaksiya


Yanvarın 21-də Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistana 800 milyon dollar dəyərində silah sursat ötürməsi barədə Azərbaycan tərəfinin iddialarına cavab verib.

Nazirlik notasında bu tip məlumatların dezinformasiya olduğunu və açıq-aşkar anti-Rusiya xarakteri daşıdığını vurğulayır. Habelə Azərbaycan tərəfi gələcəkdə belə hallarda “daha səriştəli” davranmağa, tələsikliyə yol verməməyə çağırılır.

Beləliklə də, Moskva “silah məsələsi”nin birdəfəlik bağlanmasını istəyir. Mövzu ilə bağlı Bakıdan politoloq Rasim Müsabəyov Amerikanın səsinə müsahibə verib:

Sual: Rusiyanın izahatından sonra Bakı ilə Moskva arasında silah qalmaqalına nöqtə qoyulduğunu demək olarmı?

Cavab: Xeyr, bu məsələ bağlanmayıb. Azərbaycan tərəfi heç də silahların satılmasından deyil, onun erməni tərəfinə verilməsindən söhbət açırdı. Rusiya isə toxunulmuş faktı, yəni o silahların harada olması, kimin nəzarətinə verilməsi barədə məlumatları sübut etməkdən boyun qaçırdı. Bu günkü bəyanatda sadəcə vurğulanır ki, ortalığa çıxmış sənəd həqiqətə uyğun deyil. Daha sonra isə müxtəlif ifadələr işlədilir ki, guya bu silahlar ermənilərə bağışlanmayıb, sadəcə saxlanması üçün onlara verilib. Fərz edirəm ki, Azərbaycan tərəfinin əlində bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var və Rusiya boş ifadələrlə bu məsələdə özünü sığortalamağa və Azərbaycandan istəklərini qoparmağa nail olmayacaq.

Sual: Bəs bu tip məlumatlar ələ keçdikdə, dövlətlərin ona adekvat davranışı barədə beynəlxalq təcrübə necədir? Azərbaycan tərəfi, məsələn, əlindəki sənədlərlə beynəlxalq təşkilarlara müraciət edə bilməzdimi?

Cavab: Düşünmürəm ki bu, effektiv olardı. Söhbət ondan gedir ki, Rusiya Adi Silahlar barədə Cinah Müqaviləsindən çıxıb. Və indi onu heç kəs bu məsələdə hesabat verməyə məcbur edə bilməz. Ancaq Ermənistan hələ ki, bu sazişin üzvüdür və müəyyən kvotaya malikdir. Lakin iş burasındadır ki, erməni tərəfi silahları nəzarətsiz Azərbaycan ərazilərində yerləşdirir. Bunların da hamısı oyundur. Və bu oyunla nə Azərbaycanı aldatmaq olacaq, nə də dünyanı.

Sual: Çox maraqlıdır ki, Moskva ilə Bakı arasında yaşanan silah qalmaqalı Rusiyanın da daxil olduğu ATƏT vasitəçilərinin Azərbaycan və Ermənistan liderlərini görüşdürmək cəhdləri ilə eyni dövrdə davam edir. Burada bir paradoks yoxdurmu?

Cavab: Azərbaycanda Rusiyaya vasitəçi kimi etimad sıfıra bərabərdir. Moskva sadəcə olaraq, son zamanlar nümayiş etdirirdi ki, elə bil ki o, bu məsələlərin həllinə meyllidir. Ancaq gedib ermənilərə silah verirsə, bu o deməkdir ki, Rusiya Qarabağı ermənilərə vermək, Azərbaycanı isə özündən asılı etmək - qazını almaq, Gürcüstana qarşı qoymaq niyyətindədir. Və Bakının da buna getməyəcəyini başa düşdüyü üçün, əlində başqa bir imkan da saxlamaq niyyətindədir, erməniləri silahlandırıb, bölgədə aranı qarışdırmaqla. Azərbaycan öz vəziyyətinə görə, Rusiya ilə baş-başa getmək iqtidarında deyil. Ancaq bu məsələlərdə gözümüzü yumub Rusiyanın yalan izahatlarını qəbul etməyimizi gözləməsinlər.

Sual: Bayaq Rusiyanın son sülhpərvər cəhdlərinə işarə etdikdə, yəqin ki, noyabr ayında imzalanmış Moskva bəyannaməsini nəzərdə tuturdunuz.

Cavab: Təbii ki...

Sual: Yeri gəlmişkən, silah qalmaqalından sonra bu sənəd quvvəsini saxlayırmı?

Cavab: Moskva bəyannaməsi, əslində, özü-özlüyündə mənasız bir kağız parçasıdır. Bu sənəd o baxımdan vacib idi ki, onun ardınca Rusiyadan konkret səylər olsun və bu səylər ermənilərin heç bir çərçivəyə sığmayan torpaq idialarından əl çəkərək, məsələnin həllinə doğru irəliləməsinə aparsın. Azərbaycan isə bunun əvəzində bir çox digər məsələlərdə o cümlədən Rusiyanın da balanslı mövqeyini nəzərə almalı idi. Amma Moskva bu ikili oyunu ilə balansı pozdu...

XS
SM
MD
LG