Accessibility links

Günər Özkan: ‘Qərbin münaqişələrə təsir imkanları azalıb…’


Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri bu gün İstanbulda Qafqaz Sabitlik və Əməkdaşlıq Platformunun bir qurum kimi formalaşdırılmasını müzakirə ediblər.

Hələlik toplantının təfərrüatları barədə heç bir məlumat verilmir. Ancaq Türkiyə mətbuatının yazdığına görə, Ankara diplomatlara ildə 1-2 dəfə bu ölkələrin liderlərinin sammitlər keçirməsini təklif edir. Bir sıra ekspertlər isə regiondakı münaqişələrin fonunda bu tip toplantılara skeptik yanaşırlar.

Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının Qafqaz və Xəzər regionları üzrə təhlilçisi Günər Özkan mövzu ilə bağlı Amerikanın səsinə müsahibə verib:

Sual: Qafqazda Sabitlik və Əməkdaşlıq Platformu ideyası belə görünür ki, artıq reallığa çevrilməkdədir. Lakin, bu ideya əsasında təşkilat yaratmaq nə dərəcədə münasibdir?

Cavab: Əslində, bu, ideyaya cəlb olunan tərəflərin bəzi vacib problemlərə nə qədər ciddi yanaşmasından asılıdır. Daha dəqiqi, Gürcüstandakı müharibədən sonra regiondakı oyunçuların öz problemlərinin həllində nə qədər maraqlı olması sual doğurur. Nəzərə almaq lazımdır ki, Qafqaz Evi yaratmaq planının təməli iqtisadi və enerji sahəsində əməkdaşlıq yolu ilə, problemləri həll etmək ideyasına əsaslanıb. Əslində, bu yanaşma tərzi əvvəllər də sınaqdan keçirilib. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən, belə bir ideya var idi ki, bu marşrut Qarabağ torpaqlarından keçməklə, Ermənistan üzərindən Türkiyəyə istiqamətlənsin. O vaxt bu təklif Amerikalılardan gəlmişdi, hətta onun ətrafında müzakirələr də aparıldı. Lakin heç bir nəticə əldə olunmadı. İndi isə, mənim gümanıma görə, Türkiyənin təklif etdiyi Qafqaz Platforumunun da təməlində Nabukko layihəsi durur. Yəni, bu xəttin Ermənistan üzərindən keçməsi...

Amma bu ideya indiki halda regiona sülh gətirə bilərmi? Beləliklə də hazırda bağlı qapılar arxasında keçirilən görüşlərdə, fərz edirəm ki, məhz bu ideya müzakirə olunur. Və bu məsələnin gündəmə gəlməsi də əslində, Gürcüstandakı müharibə ilə bilavasitə əlaqədar olub…

Sual: Qafqaz Evi ideyasının təşəbbüskarları bu təklif barədə danışarkən, diqqəti bir qayda olaraq, ideyanın siyasi agırlığına yönəldirlər. Ancaq son aylarda Ankaranın təşəbbüsü ilə nə Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərdən, nə də Rusiya və Gürcüstan rəhbərləri ilə aparılan danışıqlardan bir nəticə əldə olunmadı.

Cavab: Bizim müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, Türkiyənin irəli sürdüyü bu ideyanın əslində, tam reallığa çevrilməsi üçün Dağlıq Qarabağ probleminin həlli vacibdir. Digər təfərdən, Ermənistanın uydurma soyqırım məsələsinin dünya müstəvisində təbliğatından da nə dərəcədə əl çəkəcəyi sual doğurur. Beləliklə də, bu cür siyasi problemlər həll olunduqdan sonra Nabukko kimi layihələrin icrasından danışmaq mümkündür.

Ancaq bunu necə etmək lazımdır? Bu günə qədər Rusiya, Ermənistan və Azərbaycan bu ideya çərçivəsində problemlərinin ən yüksək səviyyədə müzakirəsinə razılıqlarını ifadə ediblər. Bunun özü pozitiv əlamətdir. Amma bu cür müzakirələrdə təfərlər arasında kimin ilk addımı atacağı, növbəti addımın nə olacağı kimi suallar da aydınlaşdırılmalıdır. Bu istiqamətdə də nəticə olsa, o zaman böyük işlərdən danışmaq olar. Ancaq indiki şərtlər altında proqnoz vermək həqiqətən çətindir.

Sual: Qafqaz Evi formatının digər təşkilatlardan fərqi ondadır ki, burada, region ölkələri özləri toplaşıb problemlərini həll etməyə çalışırlar. Bu nə qədər mümkün görünür? Bu ölkələrin təkbaşına, məsələn, Qərbin iştirakı olmadan regindakı problemləri çözmək imkanları varmı?

Cavab: Gürcüstandakı müharibədən sonra Qərbin regiondakı problemlərə təsir imkanı daha da azaldı. Onların rolu olsa-olsa, ATƏT çərçivəsində, özü də Rusiyanın icazə verdiyi formada ola bilər. Digər tərəfdən isə, həm Amerika, həm də Avropa Birliyinin Gürcüstandakı proseslərdən sonra Rusiyanı hiddətləndirəcək bir addım atacaqlarını düşünmürəm…

XS
SM
MD
LG