Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri görüşdülər


İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu sammitə qatılan aparıcı siyasi liderlər daha çox qlobal iqtisadi böhrandan sonra dünyanın necə formalaşacağı ətrafında fikir mübadiləsi aparırlar. Buna baxmayaraq, regional münaqişələr də sammitin diqqətindən kənarda qalmayıb.

Hətta çox yığcam keçirilmiş ilk sessiyalardan biri "yeni iqtisadi erada sülh mənzərəsi" adlanır. Sabah isə ayrıca olaraq Qafqazda sülhün bərpasına dair toplantı təşkil olunacaq.

Sonuncu Davos sammitindən ötən 1 il ərzində dünyanın maliyyə mənzərəsində olduğu kimi, Qafqazda da mənzərə olduqca dəyişilib.

Buna görə də sammitə qatılan region ölkələrinin liderləri öz aralarında görüşərək, problemlərin həllinə necə nail olmaq yollarını müzakirə edirlər.

Məsələn, Türkiyə mətbuatının yazdığına görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Davosda Ermənistan prezidenti Serj Sarkisyanla görüşmək niyyətindədir. Bu gün isə Azərbaycan prezidenti İlham Əliyev sammit çərçivəsində erməni həmkarı ilə dialoq aparıb.

Rəsmi olaraq bu görüşün yekunları ilə bağlı heç bir məlumat verilmir. Sadəcə ümumi olaraq bildirilir ki, irəliləyiş var, danışıq prosesini davam etdirmək lazımdır və siyasi həll mümkündür.

Düzdür, Bakıdakı siyasi ekspertlərin əksəriyyəti deyir ki, tərəflərin mövqeyi bir-birinə çox ziddir və razılıq bir elə ağlabatan görünmür. Özü də bu ekspertlər Azərbaycan və Ermənistanın rəsmilərinin bəyanatlarına istinad edirlər. Məsələn Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim bir gün əvvəl Amerikanın səsinə deyib ki, Bakının mövqeyində heç bir dəyişiklik yoxdur. Bənzər açıqlamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da dünən Sürixdə öz ölkəsi haqqında səsləndirib.

Belə vəziyyətdə siyasi ekspertlər prezidentlər səviyyəsində dialoqların davamına skeptik münasibət bəsləyirlər. Vaxtı ilə Qarabağ danışıqlarında yaxından iştirak etmiş Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə bugünkü görüşlə bağlı Amerikanın səsinə bunları deyib:

"Davosda adi standart bir görüş keçirib, onu da bir addım kimi təqdim edirlər. Dövlətlərin mövqeyində dəyişiklik olmadığı halda, heç bir irəliləyiş əldə olunmur. Ermənistan ərazi iddialarından əl çəkmir, Rusiya sülhə tərəfdar olmur, Amerika isə hələllik bu məsələni prioritet etməyib, onlar üçün prioritet Yaxın Şərqdir. Balə vəziyyətdə nə etmək olar?

Danışıq o vaxt olardı ki, tərəflər erməni qoşunlarının işğal altındakı ərazilərdən çıxma vaxtını, ora gətiriləcək qüvvələrin kimliyini bəyan etsinlər. Amma ortalıqda heç bir şey yoxdur. Moskvada imzalanmış bəyannamə də imitasiya idi. Bugünkü görüşə də heç bir zərurət yox idi. Sadəcə, prezidentlər Davosda olanda görüşməsələr deyərlər ki, müharibəyə hasırlaşır. Bu, məxsusi Qarabağ görüşü deyil, Davos görüşüdür".

Onu da qeyd edək ki, Davos danışqlarının təşəbbüskarı ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Görüşdən əvvəl vasitəçilər bildiriblər ki, bu danışıqlar regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynamalıdır, o xüsusilə Qafqazda bu yaxınlarda yaşanan böhran fonunda tərəflərin Qarabağ nizamlanmasının sülh, siyasi yolla əldə olunmasına sadiqliyini təsdiq etməlidir.

XS
SM
MD
LG