Accessibility links

İlqar Məmmədov: ‘Türkiyə ilk növbədə Azərbaycanı qoruyur’


“Rusiya Gürcüstan torpaqlarını işğal etdi, amma Qərbin təzyiqi ilə münaqişə zonasından kənardakı əraziləri tərk etməli oldu. Post-sovet bölgəsində yeganə olaraq Qarabağ münaqişəsində mübahisə mərkəzindən kənar ərazilər də işğal altındadır. Nədən Qərb buna müdaxilə etmir, başa düşmürəm”.

Bu fikirləri Amerikanın səsində keçirilən dəyirmi masada Azərbaycan-Avroatlantik Analiz Mərkəzinin rəhbəri Sülhəddin Əkbər səsləndirib. Yarım saatlıq müzakirələr əsasən Dağlıq Qarabağ münaqişəsi və Türkiyənin vasitəçilik səyləri ətrafında aparılıb.

Sülhəddin Əkbər deyib ki, Rusiyanın Qafqazda dominantlığına son verməyincə, Ankaranın təşəbbüsü real deyil. Onun fikrincə, Gürcüstandakı müharibədən sonra Moskva bir müddət regiona təsir imkanlarını itirsə də, hazırda öz rolunu nəinki bərpa edib,hətda daha da artırıb.

Buna görə də, mərkəz rəhbəri Qafqazda Sülh və Təhlükəsizlik Paktının reallaşacağına inanmır, onun fikrində, Moskva Gürcüstan müharibəsindən sonra yalnız diplomatiyaya görə bu təşkilata isti baxırdı.

“Qafqazda Sülh və Təhlükəsizlik Paktı real görünməsə də, maraqlıdır və onun ətrafında aparılan görüşlər prosesin bir yerdə durmadığından xəbər verir” – bunu isə Bakı siyasi Təsir Araşdırmalar Mərkəzinin başçısı, politoloq İlqar Məmmədov bildirib. O, diqqəti buna yönəldib ki, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistan diplomatlarının yanvarın 26-da İstanbulda keçirdiyi görüş Ankaranın Qafqazda artan nüfuzunun nümayişidir:

Cənab Məmmədov daha sonra bunları deyib: “Əvvəllər Türkiyə Cənubi Qafqazla bağlı danışanda, onu gözdən salmağa çalışırdılar. Çünki bizim region Türkiyənin nüfuz dairəsi kimi tanınmırdı. Hazırda isə Ankaranın bu regiona dair istəkləri legitim kimi qəbul olunur. Bu, müsbət haldır və göstərir ki, Türkiyə əvvəlki ənənəvi siyasətindən fərqli olaraq regionda daha fəal rol oynayır. Bununla Ankara bir çox beynəlxalq müşahidəçiləri artıq təəccübləndirib. Türkiyənini bitərəf imici indiyədək yox idi. Lakin son aylarda gərgin diplomatik fəaliyyətlər nəticəsində Ankara bu istiqamətdə ciddi addımlar atdı. Özünü Qarabağ münaqişəsində obyektiv tələf kimi göstərməklə isə, Türkiyə ilk növbədə Azərbaycanı qoruyur”.

XS
SM
MD
LG