ATƏT-in
Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan son təmaslar
barədə birgə bəyanatla çıxış ediblər.
Sənəddə vurğulanır ki "bu iş hələ ki, narazılıq doğuran baza prinsiplərinə aid məsələlərin iki prezidentin müzakirəsi vasitəsi ilə aradan qaldırılmasına yönəldilib".
Yanvarın 19-da həmsədrlər (səfir Bernar Fasye-Fransa, səfir Yuri Merzlyakov-Rusiya və dövlət katibinin müavinin köməkçisi Metyu Brayza-ABŞ) Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla, yanvarın 20-də isə Yerevanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Bu danışıqlar yenidən yanvarın 27-də Sürixdə nazirlər E.Məmmədyarov və E.Nalbandyanla, yanvarın 28-də isə Sürixdə prezidentlər İ.Əliyev və S.Sarkisyanla görüşdə davam etdirilib.
Həmsədrlər ATƏT-in 2007-ci ilin noyabrında Madriddə keçirilən konfransında tərəflərə təqdim edilmiş, əvvəvlki təkliflərdən irəli gələn baza prinsiplərinin necə sona çatdırılması ilə bağlı prezidentlərlə fikir mübadiləsi aparıblar. Bəyanatda bu dialoqların davam edəcəyi qeyd olunur.
Sənəddə habelə vurğulanır ki, həmsədrlərin başlıca məqsədi ərazi bütövlüyü, öz müqəddəratının təmin
edilməsi hüququ və zor gücündən istifadə etməmək prinsiplərini nəzərdə tutan
Helsinki Yekun Razılaşmasına əsaslanan ədalətli və balanslı sülh razılaşmasına
nail olmaqdır.