Gürcüstan prezidenti Mixail Saakaşvili Nika Qilaurini
ölkənin baş naziri vəzifəsinə təyin edib. Əgər parlament bu təyinatı qəbul etsə Qilauri
bu gün istefa vermiş
Qriqol Mqalobişvilini əvəz edəcək. 35 yaşlı Mqalobişvili
jurnalistlərə deyib ki, böyrəyindəki problemləri aradan qaldırmaq üçün bir neçə
aylıq müalicəyə ehtiyacı var və bu müddət ərzində ölkə baş nazirsiz qala
bilməz. Baş nazir müavini Nika Qilaurini onun yerinə gətirməyi prezident Mixail
Saakaşviliyə Mqalobişvili məsləhət görüb. Gürcüstan prezidenti istefaya gedən
baş naziri oktyabr ayında bu vəzifəyə təyin etmişdi. Ancaq həmin vaxtdan bəri
o, 2 ay Almaniya və Tbilisidə müalicə kursu keçib. Gürcüstandan daxil olan
xəbərlərdə isə prezidentlə baş nazir arasında narazılığın olduğu vurğulanır.