Accessibility links

İran məhkəməsi azərbaycanlı tələbə fəalların həbsinə qərar verdi


İran İslam İnqilabı Məhkəməsinin Təbriz Baş İdarəsində keçirilən məhkəmə iclaslarının sonunda bir qrup azərbaycanlı tələbə haqqında həbs qərarları çıxarılıb. Yerli mənbələrin yaydığı xəbərlərə görə, fevralın 2-də Təbriz İslam İnqılabı Məhkəməsinin 1-cı şöbəsində keçirilən məhkəmə iclasının sonunda Təbriz Universitetinin azərbaycanlı tələbələri Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Əmir Mərdani, Ehsan Nəcəfi, Məcid Makuiyə və İran ordusunda məcburi hərbi xidmətdə olan azərbaycanlı zabit Dariyuş Hatəmini 1 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm oxunub. Bundan başqa onların barələrində həm də daha 2 il şərti həbs cəzaları çıxarılıb. Məhkəmə Mənsur Əminiyan və Məqsud Əhdinin haqqında isə bəraət qərarı verib. İslam İnqılabı Məhkəməsinin haqqında həbs qərarı çıxardığı 7 azərbaycanlı fəal, İranın cinayət məcəlləsinin “dövlətçiliyə qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qanunsuz təşkilat” yaratmaq maddələri üzrə təqsirli biliniblər. İrandakı yerli azərbaycanlıların qanuni haqlarını müdafiə etdiklərini bildirən və barələrində çıxarılmış qərarlarla razılaşmayan fəalların yuxarı məhkəmə instansiyalarına müraciət edəcəyi gözlənilir.
Adı çəkilən tələbələr 2008-ci ilin iyulunda dövlətçiliyə qarşı fəaliyyətdə ittiham olunaraq Təbriz şəhərinin Ettelaat İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuş və təxminən 3 ay müddətinə Ettelaatın qapalı təcridxanasında saxlanmışlar. Ardınca, onların hər biri 20-30 miyon tümən dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdılar.
Bir sıra insan haqlarını müdafiə təşkilatları, o cümlədən Amnesty International saxlandıqları qapalı təcridxanadakı dindirmələr zamanı azərbaycanlı tələbələrə qarşı işgəncə üsullarından istifadə olunması ilə bağlı narahatlığını ifadə etmişlər.
XS
SM
MD
LG