Accessibility links

Mətbuat icmalı: Şirin İbadi İran hökumətini insan hüquqlarına hörmətə çağırıb


İran İslam inqilabının 30-cu ildönümündə Vaşinqtonda çıxış edən Xanım Ibadi İranda insan hüquqlarının durmunun inqilabdan əvvəlki kimi pis olduğunu bəyan edib.“Pis elə pisdir” deyə o, Karnegi Beynəlxalq Sülh Fondunda konfrans zalına dolmuş dinləyicilər qarşısında bildirib. “İnsan hüquqları universaldır… Biz İran hökumətinin öz beynəlxalq öhdəliklərini yerinə yetirməsini istəyirik.”

61 yaşlı İbadi Nobel sülh mükafatını alan ilk və yeganə müsəlman qadındır.İnqilabdan öncə hakim olmuş İbadi sonra da həyatını qadınların, uşaqların və dini azlıqların hüquqlarının müdafiəsinə həsr edib.İranda baş verənlərin İslamın günahı olmadığını deyən hüquq müdafiəçisi Birləşmiş Ştatları İranla 3 səviyyədə dialoq qurmağa çağırıb.Onun fikrincə ,insanlar, parlamentlər və prezidentlər səviyyəsində danışıqlara başlanmalıdır.Şirin İbadi üzləşdiyi təhlükələrə baxmayaraq İrana qayıdacağını bildirib.

İlinoys senatoru Barak Obamanın prezident seçilməsindən sonra İranla dialoq ABŞ-ın xarici siyasət gündəmində başlıca yer alıb.Hələ seçki kampaniyası zamanı, cənab Obama rəsmi Tehranla danışıqlara hazır olduğunu bildirmişdi.“New York Times”-da məqalə ilə çxış edən sabiq dövlət katibi yardımçısı Stefen Reydmeyker İranla mümkün danışıqların anatomiyasını təhlil edir. Onun yazdığına görə İranla bağlı Buş adminitrasiyasının siyasətinə tənqidi münasibət bəsləyən demokratlar danışıqların məntiqi sonucu haqda ciddi fikirləşməlidirlər.Sadəcə olaraq güman etmək olmaz ki, Vaşinqtonla masa arxasına oturan kimi Tehran uran zənginləşdirməsinə son qoymağa razılıq verəcək.İndiyədək 5,000 sentrifuqa istehsal etmiş İran nüvə proqramını inkişaf etdirməkdə qətidir.Digər tərəfədən Tehranı öz mövqeyindən çəkindirməyə çalışan Vaşinqton güzəşt limitini müəyyən etməlidir.Əks təqdirdə,İrana verilən imtiyazlar Yaxın Şərqdə Misir və Səudiyyə Ərəbistanı kimi başqa dövlətlərin də öz proqramlarına başlamasına təkan verə bilər.

Bu arada İranın dövlət televiziyası ölkə daxilində hazırlanmış peykin səmaya buraxılmasını nümayiş etdirib.Ümid-1 adlanan peyk iki mərhələli raket vasitəsilə səmaya uçurulub.Mərasimdə iştirak edən prezident Mahmud Əhmədinejad İran xalqını bu nailiyyət münasibətilə təbrik edib.İranın fəza proqramının dinc məqsəd daşıdığını bəyan edən İran lideri habelə satellitin uçurulmasının dünyaya “sülh və qardaşlıq mesajı” göndərdiyini bildirib.

XS
SM
MD
LG