Accessibility links

Əli Babacan Bakıya gedir


Türkiyənin xarici işlər naziri Əli Babacan fevralın 9-da Bakıya gedəcək. Nazirliyin açıqlamasında bu səfər ikitərəfli əlaqələrlə yanaşı, regional proseslərin də müzakirəsi zərurəti ilə izah olunur.

Cənab Babacan azərbaycanlı həmrakı Elmar Məmmədyarovla fikir mübadiləsi aparacaq. Səfər proqramında prezident İlham Əliyevlə də görüş nəzərdə tutulur.

Ötən həftə Babacanla Məmmədyarov Sürixdə görüşərək, Dağlıq Qarabağ problemini müzakirə etmişdilər. Türkiyə son vaxtlar bu münaqişənin həllində aktiv vasitəçiliyə cəhd edir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Sürixdə Davos İqtisadi Forumu çərçivəsində əvvəlcə Azərbaycan, sonra isə Ermənistan prezidenti ilə görüşərək, problemi müzakirə etmişdi.

Hələlik Bakıda Ərdoğanın Serj Sarkisyanla danışıqlarının yekunları barədə məlumatsızdırlar. Lakin Türkiyə baş naziri ilə görüşündən sonra Ermənistan prezidenti deyib ki, hər iki lider xarici işlər nazirlərinə problemləri həll etmək istiqamətində fəaliyyəti gücləndirməyi tapşırıblar. Əli Babacan da məhz bu ərəfədə Bakıya səfər edir.

Onun Azərbaycan rəsmiləri ilə danışıqlarında Türkiyənin təklif etdiyi Qafqazda Əməkdaşlıq və Sabitlik Paktının da müzakirəsi gözlənilir. Ötən həftə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sözügedən pakt çərçivəsində əməkdaşlığını istisna etmişdi.

Onu da qeyd edək ki, Türkiyənin xarici işlər naziri Bakıya Münhendən gedəcək. Orada cənab Babacan Təhlükəsizlik Siyasəti Konfransında Qafqazdakı vəziyyətlə bağlı geniş auditoriya qarşısında çıxış edəcək.

XS
SM
MD
LG