Accessibility links

Devid Plafın səfəri Qərb mətbuatında


Amerika mətbuatının yazdığına görə, prezident Barak Obamanın seçki kampaniyasının rəhbəri olmuş Devid Plaf Azərbaycana səfərinin yerli hökumətlə əlaqəsi olan təşkilatın vasitəsilə həyata keçirildiyini yalnız Bakıya çatdıqdan sonra başa düşüb. Bu təşkilatın Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olduğu bildirilir.

Cənab Plaf fevralın 9-da Bakıdakı Qərb universitetində mühazirə oxuyub. Ağ Ev prezidentin yaxın adamının Azərbaycana rəsmi təmsilçi kimi yox, şəxsi səfərlə getdiyini bəyan edib.

Nüfuzlu Wall Street Journal qəzeti bugünkü sayında mövzu ilə əlaqədar geniş araşdırma dərc edib.

Wall Street Journalın müxbiri Qlen Simpsonun yazdığına görə, cənab Plaf Bakıda olduğu müddətdə Qərb Universitetində oxuduğu mühazirə üçün ona verilmiş qonorarı regionda demokratik təmayüllü qüvvələrə ianə kimi paylamaq qərarına gəlib.

Söhbət 50 min dollarlıq məbləğdən gedir. Müəllif adını açıqlamadığı, lakin Plafa yaxın olduğunu iddia etdiyi mənbəyə istinadən yazır ki, Plaf Bakıda qazandığı bu vəsaiti regiondakı demokratik qruplara ianə etməklə yanaşı, yerli universitetdəki mühazirəsini də müxalifət qüvvələri ilə bölüşmək niyyətindədir.

Vaşinqtonda «The Wall Street Journal»ın istinad etdiyi rəsmi nümayəndələr bildirib ki, cənab Plaf çıxışlarını regiondakı ABŞ rəsmiləri ilə əlaqələndirib. Onlar deyiblər ki, onun demokratik təşkilatçılıqda İnternetdən istifadə barədə mesajı ABŞ-ın uzun müddətdən bəri davam edən siyasətlərini müdafiyə edir.

Qəzetin yazdığına görə ABŞ rəsmiləri bunu da qeyd ediblər ki, Azərbaycan hökuməti uzun zamandan bəri, çox vaxt lobbi qruplarının köməyi ilə, məşhur amerikalıları ölkəyə dəvət edərək, özünü legitimləşdirməyə çalışır.

Qəzet yazır ki, Azərbaycan hazırda prezident İlham Əliyevin məhdudiyyətsiz şəkildə prezident ola bilməsi üçün keçiriləcək referendum ərəfəsindədir.

Qəzetin iddiasına görə, Devid Plafın Bakıya səfəri Vaşinqtonda yerləşən Bob Lawrence & Associates şirkəti tərəfindən təşkil edilib. Təşkilat özü isə məsələyə heç bir şərh vermir.

Müəllif Simpson daha sonra Azərbaycanın ABŞ-la münasibətlərin toxunur. O qeyd edir ki, Azərbaycan Amerikanın əsas müttəfiqlərindən biri olsa da, Dövlət Departamenti ölkənin insan haqları tarixçəsinin pis olmasını daim tənqid edir.

Nüfuzlu "Foreignpolicy.com" internet portal isə "Plafın Azərbaycanda nə işi var" başlıqlı məqaləsində qeyd edir ki, Bakıda Plafın mühazirə oxuduğu zala buraxılmayan jurnalistlərin qapının ağzında ona yağdırdıqları siyasi suallara cavab olaraq o bildirib ki, səfəri şəxsi xarakterlidir və buraya demokratiya və internet mövzusunda mühazirə oxumağa gəlib.

Onun Azərbaycan prezidenti ilə görüşü barədə məlumatlar da yalnız qeyri-rəsmi xarakterlidir.

Bu mövzu Frans Press agentliyinin də diqqətini cəlb edib. Agentlik Ağ Evin səfərlə bağlı açıqlamasını xatırladaraq qeyd edir ki, cənab Plaf hazırda Amerika hökumətində heç bir rəsmi vəzifəyə malik deyil, lakin o, hələ də prezident Obamanın siyasətlərinə xalq arasında dəstək əldə etmək üçün demokratların kampaniyasına rəhbərlik edir.

Agentlik yazır ki, Plafın Bakıdakı çıxışını Amerikadakı prezident seçkilərində demokratiyanın gücünə həsr etdiyi bir halda, bu çıxış mətbuata bağlı idi.

XS
SM
MD
LG