Accessibility links

Iran hökümətinə etiraz olaraq intihar edən müharibə veteranlarının sayı artır


İslam İnqılabı və İranın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə sağlamlığını itirmiş daha bir veteran "Şəhid və Əlillər üzrə Dövlət Fondunun" Tehranda yerləşən qərargahı qarşısında özünü yandırıb.

"İslam Cümhuriyyəti" qazetinin yazdığına görə, intihar etmiş müharibə əlilinin adı Höcəttulla Fərzaddır. İran-İraq müharibəsi dövründə baş vermiş kimyəvi hücumlar nəticəsində böyrəklərindən və ağ ciyərlərindən xəsarət alan müharibə qəhrəmanı özü və ailəsinin sosial problemlərinin həlli ilə bağlı Şəhid və Əlillər üzrə Dövlət Fonduna dəfələrlə müraciə etsə də, problemlərinin həllinə nail ola bilməyib. Üzərinə bezin tökərək özünü yandıran müharibə veteranı Tehranın Mütəhhəri xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Mərhumun meyidi doğulduğu Loristan Əyalətinin Xurrəmabad şəhərinin şəhidlər qəbiristanlığında dəfn edilib.

Bu hadisədən düz 4 gün öncə isə, başqa bir mühribə veteranı, İranın Şura Məclisin önündə intihar etmişdi.İran mətbuatı müharibə qəhrəmanı, mərhum Məhəmmədrza Klavzani Müqəddəmin oğluna istinadən bildirir ki, veteran işsizlikə bağlı probleminin həlli üçün məclisə müraciət edib, amma onu içəri buraxmayıblar. Bundan qəzəblənən veteran özünə od vurmaqla intihar edib.

Məsələyə münasibət bildirən İran parlamentinin spikeri Əli Laricani intihar etmiş şəxsin veteran olmadığını və narkoman olduğunu bildirsə də, daha sonra istintaqa başçılıq edən məhkəmə rəsmisi parlament sədrinin iddialarını təkzib edib.

Rəsmi mənbələr onu da qeyd edir ki, keçən ay daha bir vətəndaş İranın Prezident Aparatı qarşısında oxşar aksiya keçirərək həyatını itirib.

Bu arada, İran parlamentinin bəzi üzvləri və bir sıra rəsmilər mətbuat orqanlarını ittiham edərək, veteranların intihar aksiyaları ilə bağlı xəbərlərin dərc edilməməsinə çağırıb. İslam İnqılabı Qvardiyasının komandirlərındən olan tehranlı millət vəkili İsmail Kovsəri bildirib ki, intihar edənlərin müharibə veteranları olduqları barədə xəbər yaymaqla əcnəbilərin bu məsələdən sui-istifadəsinə şərait yaradılır.

XS
SM
MD
LG