Accessibility links

Avropa Birliyi Azərbaycana daha çox yardım ayırmaq istəyir


Avropa Birliyi Azərbaycan da daxil olmaqla, 6 post sovet ölkəsinə daha artıq iqtisadi və digər yardımlar ayırmaq istəyir. Bu məsələ Birliyin xarici işlər nazirlərinin bugünkü görüşündə müzakirə edilib.

Nazirlər Brüsseldə bir araya gələrək, "Şərq Tərəfdaşlığı” proqramını müzakirə ediblər. Bu layihə Rusiyanın keçmiş sovet respublikalarına təsirini azaltmaq məqsədi daşıyır.

Bu ölkələr əsasən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadır. Əgər mümkün olsa, birlik yeni layihəyə Belorusu da cəlb etmək istəyir.

Bugünkü yığıncaqda Avropanın nazirləri, sözügedən dövlətlərin Avropa dəyərlərinə uyğunlaşdırılması üçün onlara daha artıq iqtisadi və digər yardımlar ayrıması məsələsini müzakirə ediblər.

Pakt adıçəkilən ölkələrə azad ticarət, iqtisadi yardım və Avropa Birliyinə iqtisadi inteqrasiya təklif edə bilər. Bunun əvəzində isə Avropanın şərq qonşuları demokratiya, qanunun aliliyi, sabit iqtisadiyyat və insan haqları istiqamətində ciddi irəliləyişlər etməlidirlər.

Avropa Komissiyası bu məqsədlə 2013-cü ilədək 1.4 milyard avro ayırmağı nəzərdə tuturdu.
İndi birlik ötən avqustda baş vermiş Rusiya-Gürcüstan müharibəsi və Rusiyanın Avropa Birliyinə təbii qazı kəsməsindən sonra, əvvəlki məbləğə daha 600 milyon avro əlavə edib.

Avropa Birliyinin Xarici Əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner deyib ki, Birliyin adı çəkilən ölkələrdə maraqları var.

Ötən yayda Avropa Birliyinin Aralıq Dənizi ölkələriylə yaxın əməkdaşlığını nəzərdə tutan proqramda aparıcı rol oynamış ransa isə Şərq Tərəfaşlığı ilə bağlı təşəbbüslərə bir qədər şübhəylə yanaşır.

Bakıdakı siyasi ekspertlər də Azərbaycannın Avropaya inteqrasiyasını hədəfləyən maliyyə ayırmalarına skeptik münasibət bəsləyirlər.

Avropa Birliyinin bugünkü təklifini Amerikanın səsinə şərh edən politoloq İlqar Məmmədov deyib ki, təkcə maliyyə yolu ilə Azərbaycanda Avropanın məqsədlərinə nail olmaq mümkün deyil, belə ki, Bakının bu pullara ehtuyacı yoxdur.

“Prinsipcə təkcə bu pullar kifayət eləmir. Şərq Tərəfdaşlığına çox müsbət baxmıram, amma Azərbaycan qonşuluq siyasəti çərçivəsində o qədərə də yaxşı nəticələr göstərmədi, demək olar Gürcüstan və Ermənistanla müqayəsədə uduzur.

Baxmayaraq ki, Avropa Qonşuluq Siyasəti bizə bir növ, Avropa perspektivini ilk dəfə vermişdi. Təəssüf ki, 2 ildən sonra biz onun şahidiyik ki, məhz Azərbaycan bu proqramda geri qalan ölkədir. Heç Azərbaycana ayrılan 92 milyon avro da xərclənmədi. Çünki Azərbaycan hökumətinin bu pulları qəbul etməyə heç bir ehtiyacı yox idi.

Şərq Tərəfdaşlığında da çox güman ki, enerji və digər komponentlər olsa, onlar yerinə yetiriləcək. Demokratiya, real islahatlar və dəyişikliklərə gəldikdə, mən inanmıram ki, Azərbaycan hökuməti onları məqbul sayıb həyata keçirəcək. Avropa qonşuluq siyasəti artıq bunu belə göstərdi...”


XS
SM
MD
LG