İran bu gün öz ərazisində inşa olunmuş Buşehr nüvə reaktorunda ilk sınaqlara başlayıb. Bu sınaqlar nüvə enerjisi olmadan həyata keçirilir. Nüvə reaktorunu Rusiya şirkəti inşa edib.
Moskva bəyan edib ki, beynəlxalq təftişlər və reaktorda rus mühəndislərinin işləməsi, nüvə materialının silah istehsalı üçün işlədilməyəcəyinə müəyyən zəmanət verir.
İran özü isə BMT-nin nüvə agentliyinə bildirib ki, yanacaq bu il reaktora yüklənəcək, əlbəttə ki, hər şey plana uyğun getsə.
Lakin Qərb dairələrində reaktorun işə salınmasının BMT ilə Tehran arasında illərdir ki, nüvə silahına dair aparılan danışıqlarla ziddiyyət təşkil etdiyi vurğulanır.
Qərbdə narahatdırlar ki, Buşəhrdə uranı zənginləşdirmək imkanı əldə edə biləcək İran bu stansiyanı silah istehsalı üçün işlədə bilər.
Bugünkü sınaq mərasimində İranın Atom Enerji üzrə Təşkilatının rəhbəri Qulamrza Ağazadə geniş nitqlə çıxış edib.
“Mən ümid edirəm ki, elektrik stansiyasının sınağı onun 1000 meqavatt gücünə çatdırlımasına yol açacaq. İranla Rusiya, xüsusilə nüvə stansiyasının yaxın aylarda tam gücü ilə işə düşməsi məqsədilə işlərin başa çatdırılmasında yaxından əməkdaşlıq edirlər. Ümid edirəm ki, stansiya tezliklə elektrik istehsalına başlayacaq” – deyib Qulamrza Ağazadə.
Rusiyada da mətbuat Buşəhr atom stansiyasının bugünkü sınaq buraxılışını Moskvanın həm texniki, həm siyasi uğuru kimi qiymətləndirir.
Nüfuzlu Nezafisimaya Qazeta yazır ki, bəzilərinin zənnincə, Qərbdə heç də birmənalı qarşılanmayan İran rejimiylə atom üzrə sıx əməkdaşlıq Moskvanın öz reputasiyasını şübhə altına qoyur və bu ona qarşı etimadsızlığı ancaq artıra bilər.
Bəs görəsən, Azərbaycanda İranın nüvə reaktoru ilə bağlı sınaqlarına münasibət necədir? Tanınmış politoloq Zərdüşt Əlizadəyə bu mövzu ətrafında Amerikanın səsinə müsahibə verib:
Sual: Ötən il Azərbaycan tərəfi Rusiyadan İranın Buşehr stansiyasına çatdırılmalı olan bir yükün ölkə ərazisindən tranzitinin qarşısını almışdı. O zaman belə rəy yaranmışdı ki, Azərbaycanda sözügedən stansiya ilə bağlı narahatlıqlar var. İndi artıq Rusiya ilə İran Büşehrin sınaqdan keçirilməsini bayram edirlər. Buna Azərbaycanda münasibət necədir?
Cavab: Əgər sadə insanları götürsəniz, camaat bu işdən bixəbərdir və siyasi məsələlərlə ümumiyyətlə maraqlanmır. Fəal hissə isə düzgün informasiyanı almaqda çətinlik çəkir. Çünki Azərbaycan mətbuatının əksəriyyəti İrana qarşı mənfi yüklənib. Amma bu işdən bir qədər başı çıxanlar bilirlər ki, atom enerjisi sahəsində mütəxəssislərin hazırlanması istiqamətində Buşehr stansiyasının xüsusi rolu olacaq. Və İranın nüvə bilgiləri sahəsində səviyyəsini artırmağa kömək edəcək.
Sual: Bir çox ekspertlər diqqəti ona yönəldirlər ki, Buşehr stansiyasının işə düşməsi Rusiyanın da nüvə ambisiyaları və regional siyasəti baxımından təhlükəlidir. Belə ki, Moskva özünü sınaqdan keçirir və gələcəkdə bu cür stansiyaların fəaliyyəti başqa məqsədlərə yönələ bilər.
Cavab: Rusiya çalışır ki, nüvə stansiyalarının yaradılması istiqamətində özünün əvvəlki elmi və texniki potensialını bərpa etsin. Və İran bu istiqamətdə Rusiyanın işinə yarayan ilk müştəri idi. Tehran öz növbəsində söz verib ki, gələcəkdə daha bir neçə stansiyanı sifariş edəcək. Məncə kifayət qədər təhlükəsiz atom stansiyaları nəzəri cəhətdən mümkündür, sadəcə, onların çıxdaş edilməsi məsələsi 30-40 ildən sonra böyük problemə çevriləcək.
Sual: İran dəfələrlə öz qonşuluğunda təhdidedici bəyanatlarla çıxış edib. Tehranın nüvə sahəsində mümkün potensialını gücləndirməsi ehtimalı Azərbaycanın təhlükəsizliyinə hədə yaradırmı?
Cavab: Azərbaycana heç bir dövlət nüvə silahı ilə təhdid etməməlidir. Nəyə görə? Çünki axı nüvə silahına ehtiyac yoxdur. Ermənistan kimi cılız və zəif bir ölkə Azərbaycan ərazisinin bir hissəsini işğal edib, Bakı heç nə edə bilmir.
İrana gəldikdə, baxmayaraq ki, onların çox döyüşkən və iddialı ritorikası var, İsrailə hədələyici bəyanatlarla çıxış edilməsi – məncə bütün bunlar İran siyasətçilərinin daxili rəyə nəzərdə tutulmuş boş çıxışlarıdır. Çünki İranın İsraili vurmaq üçün nə imkanı, nə də real niyyəti var. Çünki İsrail balaca bir yerdir və yəhudilərlə ərəblər orada bir ovuc duzla istiot kimi qarışmış şəkildə yaşayırlar.