Accessibility links

Iranda daha bir neçə məhbus edam edilib


İrandakı mənbələrin məlumatına görə, son günlər ərzində bu ölkədə azı 10 nəfərin edam hökmləri icra edilib. İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində İran dövlətçiliyinə qarşı silahlı üsyanda, terror hücumları və təhlükəsizlik qüvvələrinə qarşı hərbi əməliyyatlarda ittiham olunan iki Bəluç mənşəli vətəndaş edam edilib. Edam olunanların “Condollah” təşkilatının üzvləri Səlahəddin Seyyidi və Xəlilullah Zarei olduqları bildirilir. İran hökümətinin terrorist qrup saydığı “Condollah” təşkilatı İrandakı bəluçların milli və dini azadlığı uğrunda mübarizə apardığını bildirir. Bu təşkilat İranın təhlükəsizlik qüvvələrinə qarşı hərbi əməliyyatlarda və azı 15 polis əməkdaşının girov götürülərək öldürülməsində günahlandırılır.

İranın Ali Məhkəməsinin təsdiq etdiyi başqa bir məlumata görə,daha 6 nəfər Azərbaycanın Zəncan şəhərində dar ağaclarından asılmaqla edam edilib. Rəsmilərin bildirdiyinə görə, Zəncanda edam olunanlar, silahlı soyğunçuluq, qarət və ictimaiyyət arasında qorxu yaratmaq maddələri üzrə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilmişdirlər. Ali Məhkəmənin İcitimaiyyətlə Əlaqələr Mərkəzi edam olunan zəncanlıları, Söhrab.R, Nicat.A, Mehdi.D, Murtuz.C, Mənuçehr.M və Həsən .R kimi təqdim edib.Onların hərbi formada Zəncan şəhərində qızıl mağazalarından birinə basqın etdiyi bildirilir. Bundan başqa, Tehranın “Evin” həbsxanasında 4 məhkumun həyatına son qoyulub. Həmin 4 nəfərin qətl törətmək maddəsi üzrə təqsirli bilindikləri və “Evin”həbsxanasının həyətində dar ağaclarında asılaraq öldürüldükləri bildirir. Edam hökmünün ləğvinə çağıran beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq, İran son 1 ildə 300-dən artıq məhkumu edam edib. Edam üzrə İran Çindən sonra ikinci yerdədir.

XS
SM
MD
LG