Accessibility links

Təbrizli Əkbər Ələmi İranda prezidentliyə namizədliyini elan edib


Təbrizin keçmiş millət vəkili Əkbər Ələmi İran prezidentliyinə namizədliyini rəsmən irəli sürüb. Martın 10-da Təbrizdə keçirdiyi mətbuat konfransında azərbaycanlı millət vəkili bildirib ki, o, İrandakı mövcud siyasi düşərgələrin heç birisinə bağlı deyildir. Cənab Ələmi müstəqil namizəd olduğunu və partiyasının Azərbaycan xalqı və İran milləti olduğunu bəyan edib. O, yalnız xalqın qurduğu seçki qərargahlarına etibar etdiyini deyərək, son 2-3 ay ərzində Azərbaycanın müxtlif şəhərlərində onun namizədliyini dəstəkləyən çoxsaylı seçki qərargahlarının formalaşdırıldığını qeyd edib.
Cənab Ələmi onu da vurğulayıb ki, İslam İnqilabı Pəhləvi diktaturasına son qoysa da, inqılabın amalları və hədəfləri tam olaraq həyata keçirilməyib. O, İran Konstitusiyasının verdiyi məhdud imkanlardan ən çox faydalanmaqla islahatçılıq və köklü dəyişikliklərlə bağlı iranlıların arzu və ümidlərini gərçəkləşdirməyə çalışacağını bildirib.
Cənab Ələmi, prezidentliyə namzədliyini Tehranda deyil, Təbrizdə elan etməsinin səbəbini belə izah edib: "Məşrutə hərəkatı da daha öncə Tehranda başlamışdı, amma nəticəsiz qaldı, Azərbaycanın Səttarxan kimi qəhrəman övladları Tehranın bacara bilmədiyi işi yenidən dirçəldərək, qələbəyə çatdırmağa nail oldular, ona görə də mən prezidentliyə namizədliyimi buradan (Təbrizdən) elan edirəm". O, İran millətinin dəstəyini qazanarsa, inqilabın unudulmuş amallarını və keçmiş hökümətlərin iflic vəziyyətə saldığı islahat hərəkatını qələbəyə çatdıracağını bəyan edib.
Jurnalistlərin suallarını cəvablandıran cənab Ələmi, başqa namizədlər tərəfindən mənimsənilməsindən ehtiyatlanaraq, "geniş iqtisadi, mədəni, ictimai və iqtisadi programımı daha sonra azərbaycanlılara və İran xalqına təqdim edəcəyəm" deyə vurğulayıb.
İran-İraq müharibəsi zamanı ordu komandiri olmuş Əkbər Ələmi, daha sonra Hüquq və Beynəlxalq İqtisadiyyat ixtisasları üzrə magistraturanı bitirib. 8 il müddətinə Təbriz seçicilərini İran parlamentində təmsil edən Ələmi, həmin müddət ərzində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyalarının üzvü olub.
2006-cı ildə İranın Azərbaycan şəhərlərində baş vermiş dinc etirazların zorla dağıdılmasına qarşı parlament səviyyəsində etiraz edən Əkbər Ələmi, həm də ana dilində təhsillə bağlı bir sıra qanun layihələrinin hazırlanmasına çalışıb. Bütün bunların ardınca "İranın Nəzarətçilər Şurası" ona ötən palament seçkilərinə qatılmaq icazəsi verməyib.
Ələmidən öncə indiki prezident Əhmədinəjad, Keçmiş prezident Xatəmi, sabiq spiker Kərrubi və İranın sonuncu baş naziri Mirhüseyn Müsəvi İyunun 12-də keçiriləcək İran prezidentliyi uğrunda mübarizəyə qatıllacaqlarını elan ediblər.
XS
SM
MD
LG