Azərbaycanda Türkiyənin son zamanlar Ermənistanla bağlı siyasətindən və eləcə də Dağlıq Qarabağ problemi ətrafında aparılan danışıqlardan narazılıqlar səslənməkdədir.
Politoloq Hikmət Hacızadə Amerikanın səsinə müsahibəsində bu narazılıqların səbəbini izah edib:
“Hər halda, bizim yaxın müttəfiqimiz və qardaş ölkəmiz Türkiyə düşmənimizlə danışıqlar aparmağa başlayıb. Bu, özü-özlüyündə ictimaiyyətdə şübhələr doğurur. Çünki, diplomatik danışıqlarda açıqlıq olmur, onlar nə danışıqlar, biz bilmirik. Adətən, diplomatlar məsələni malalamağa çalışırlar. Ona görə də konkret nə baş verdiyini biz bilmirik və biz narahatlq…
Sual: Bu həftə Vaşinqtonda yüksək səviyyəli danışıqlar aparmış Türkiyə diplomatı Əhməd Ünal Çeviköz Türkiyə-Ermənistan danışıqlarının Qarabağ danışıqları ilə paralel təşkil etdiyini bildirib. Həqiqətən də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti son aylar intensivləşib. Bunun Ankara-Yerevan dialoqları ilə nə kimi əlaqəsi ola bilər?
Cavab: Mən Minsk Qrupunun fəallaşmasını görmürəm. Onların özlərinin standart cədvəlləri var və onun əsasında hərəkət edirlər. ümumilikdə isə yeni heç nə yoxdur.
Sual: Hər halda, ilin əvvəlindən bəri həmsədrlərin vasitəçiliyi altında Azərbaycan və Ermənistan prezidentləri artıq iki dəfə görüşüb və amerikalı həmsədr Metyu Brayzanın bildirdiyinə görə, qarşıda daha bir görüş hazırlanır.
Cavab: Nə olsun ki? 15 ildir görüşürlər, amma yeni heç nə yoxdur.
Sual: Daha əvvəllər Azərbaycan rəsmiləri bildirirdilər ki, Türkiyənin Ermənistanla istənilən əlaqəsi Qarabağ danışıqlarında önəmli bir rıçağı Bakının əlindən ala bilər..
Cavab: Bəli, belə qorxu var və bizi narahat edir. Söhbət konkret olaraq, Ermənistanın blokadasından gedir. Çünki faktiki olaraq müharibə yoxdur və bu halda Azərbaycanın yeganə silahı blokadadır. Türkiyə də bu blokadaya qoşulmuşdu. İndi isə blokada açıla bilər və Ermənistan oradan öz ticarətini edəcək. Bu isə, əlbəttə ki, bizim siyasətimizə zərbədir. Çünki Ermənistan güclənəcək və ona daha sülh lazım deyil. İndiki status-kvo onları qane edir. Deyəcəklər ki, biz acından ölmürük, dünyaya yolumuz var, ona görə də heç yerə tərpənmirik, torpaqları da vermirik. Buna görə də biz narahatıq və haqqımız var bu narahatçılığa...”
Bu, politoloq Hikmət Hacızadənin fikirləridir. Bəs Azərbaycanın hakim dairələrində Türkiyənin Ermənistanla müzakirələrinə hansı münasibət bəslənilir? Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı məsələ ilə bağlı Amerikanın səsinə aşağıdakıları deyib:
“Mən hesab edirəm ki, Türkuyə ilə Ermənistan arasında gedən danışıqlarda bizim ölkə üçün, milli maraqlarımız üçün və eləcə də Dağlıq Qarabağ məsələsi üçün heç bir təhlükə yoxdur. Çünki, Türkiyə və Azərbaycan həm strateji, həm də təbii tarixi müttəfiqlərdir. Belə müttəfiqlərin bir-birinin maraqlarına zidd hərəkət etməsi nəticə etbarı ilə özünə qarşı hərəkət kimi başa düşülür. Hesab edirik ki, Türkiyənin apardığı bu danışıqlar Ermənistan-Türkiyə münasibətlərindəki ziddiyyətləri aradan qaldırmağa yönəlib. Yeri gəlmişkən, bu ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsinə qədər mövcud idi. Türkiyənin Azərbaycanın maraqlarına zidd hərəkət etməsi imkansız və mümkünsüzdür. Buna Türkiyədə hansısa hakimiyyət partiyası getsə belə, türk xalqı ona böyük təpki göstərəcək. Ona görə də biz narahat deyilik”.