Accessibility links

Rusiya Azərbaycan vasitəsilə İrana qaz ötürmək istəyir


Gözləntilərə rəğmən, neft istehsal edən ölkələrin Vyanada keçirilən iclasında hasilatın azaldılması barədə Rusiyaın çağırışları qəbul olunmadı.

Buna cavab olaraq, Moskva Azərbaycan da daxil olmaqla, bir sıra qeyri-OPEK üzvü olan neft ixracatçılarını qiymətin sabitləşməsində iştirak etməyə çağırıb.

Bu arada isə, OPEK-in Vyana sammiti çərçivəsində Rusiya və İran, türkmən qazının Azərbaycan üzərindən İrana nəqli barədə razılığa gəliblər.

Bu razılaşmaya görə, Rusiya Türkmənistandan aldığı qazı İranın şimalında qaz qıtlığından əziyyət çəkən bölğələrə nəql edəcək, əvəzində isə İran öz cənubundan Körfəz ölkələrinə qaz ötürəcək.

Moskva öz payına düşən qazı Azərbaycanı İranla birləşdirən, lakin çoxdan istifadəsiz qalmış kəmər vasitəsilə ötürmək istəyir.

Hələlik Azərbaycan rəsmiləri məsələyə münasibət bildirməyə tələsmirlər. Bakıdakı ekspertlər isə qərarı səmərəsiz sayırlar. İqtisadçı İlham Şaban Amerikanın səsinə bunları deyib:

“Bu, çox problemli məsələdir və iqtisadi səmərəliliyi şübhə doğurur. Çünki Rusiya hazırda qazın min kubmetrini 300 dollara alır və onun şimal sərhədindən İrana ötürülməsi üçün, Türkmənistana tranzit haqqı ödəməlidir. Azərbaycan marşrutuna gəldikdə, burada da problem var. Sovet dövründə tikilmiş Astara-Hacıqabul qaz kəməri o vaxt 1 milyard kubmetr qaz ötürmək gücündə idi. Lakin 90-ci illərdə bu kəmərin bir hissəsi hətta suyun altında qalmışdı. İstənilən halda, modernzə edilsə belə, o, 2-3 milyard kubmetrdən artıq ötürmək gücünə malik deyil. İlk baxışdan sezilir ki, burada iqtisadiyyatdan çox, siyasi amillər, əsasən də İranı beynəlxalq embarqodan kənara çıxarmaq məqsədi güdülür”.

Ancaq OPEK-in Vyana konfransının yekunlarını neft hasilatı baxımından da Rusiya üçün məhsuldar saymaq olmaz.

Baxmayaraq ki, Rusiya özü OPEK-in üzvü olmasa da, dünyanın aparıcı neft öyunçularından biri kimi, qətiyyətlə neft hasilatının ixtisar edilməsinin tərəfdarı qismində çıxış edirdi.

Lakin OPEK nazirləri Moskvanı dəstəkləmədilər, onlar neftin istehsalını indiki səviyyəsində saxlamaq barədə razılığa gəldilər.

İlham Şabah deyir ki, bu qərar gözlənilməz olsa da, mövcud vəziyyətdə ən düzgün çıxış yolu idi:

“Reallıq göstərir ki, artıq neft hasilatının azaldılmasıyla bağlı atılan addımların bazara təsir etmək imkanları aşağı düşüb. Əgər OPEK bu dəfə də hazilatı azaltmağa qərar versəydi, iş ondadır ki, OPEK üzvlərinin böyük əksəriyyətinin ixracatının əsas hissəsi neftlə bağlıdır. Hasilatın azaldılması isə dünyada iqtisadi böhranın artdığı bir şəraitdə onların yeganə gəlir mənbələrinin azalması deməkdir. Bu isə həmin ölkələrin daxilində vəziyyətin pisləşməsinə aparar. Bu baxımdan, İran və Rusiyanın dəstəyinə rəğmən, buna gedilmədi”.

Əslində bəzi ekspertlərə görə, dünya neft tələbatının 10 faizdən artığını təmin edən Rusiyanın mövqeyi, OPEK-in qərarına təsir göstərə bilərdi.

Hazırda birjalarda neftin qiyməti bir barrel üçün ötənilki rekord 150 dollardan 45 dollaradək düşüb. Qlobal iqtisadi böhran dərinləşdikcə, qiymətlərin daha da düşəcəyi gözlənilir.

Lakin OPEK kvotaları saxladı, Rusiyaya isə təkliflərini kənardan yox, təşkilatın daxilindən vermək təklif olundu. Ancaq Moskva, belə görünür ki, bu təklifi qəbul etməyə bir elə tələsmir.

Rusiya baş nazirin müavini İqor Seçinə görə, ölkəsi OPEK-lə indikindən daha yaxın koordinasiyaya hazırdır:

"Biz Rusiyanın OPEK katibliyi yanında nümayəndəsi vəzifəsinin təsis olunmasını müzakirə etmişik. Zənnimizcə, bu təşəbbüsün həyata keçirilməsi tərəflər arasında etibarlı fikir mübadiləsinin yaradılmasına imkan verərdi. İqtisadi böhran şəraitində bu, xüsusilə vacibdir".

Müşahidəçilərə görə, Rusiya kvotalarla özünü məhdudlaşdırmaq istəməsə də, dünyadakı neft siyasətinin formalaşmasında yaxından iştiraka çalışır.

Məhz buna görə də Moskva Azərbaycan da daxil olmaqla, neft ixracatçılarını qiymətin sabitləşməsində iştirak etməyə çağırır.

XS
SM
MD
LG