Accessibility links

Abdulla Gülün İraqa tarixi səfəri başa çatdı


Son 33 ildə ilk dəfə olaraq Bağdada rəsmi səfər etmiş Türkiyə prezidenti Abdulla Güllə görüşən İraq liderləri PKK adı ilə tanınan Kürd Fəhlə Partiyasını Türkiyəyə qarşı 25 illik mübarizinə son qoymağa çağırıblar.

Amerika qoşunlarının İraqdan geri çəkilməyə hazırlaşdığı bir zamanda, Türkiyə prezidenti Abdulla Gülün İraqa tarixi səfəri Ankaranın öz qonşusu ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri kimi qiymətləndirilir.

Əslində bu səfər hələ ötən ilin sonlarında planlaşdırılırdı, lakin prezident Gülün səhhətində yaranan problemlə bağlı təxirə salınməşdı. İki həftə əvvəl isə Gül Türkiyədə beynəlxalq su forumuna qatılmaq üçün gəlmiş İraq prezidenti Cəlal Tələbani ilə görüşmüşdü.

Türkiyə İraqla iqtisadi və siyasi əlaqələrini inkişaf etdirmək istəyir. Lakin İraqın şimalıda PKK-nın mövcudiyyəti Ankara və Bağdad arasında bir neçə illik mübahisənin əsas səbəbi olub.

Dünən Abdulla Güllə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında Tələbani PKK yaraqlılarını Tükiyəyə qarşı silahların yerə qoymağa və İraqın şimalından çəkilməyə çağırıb.

İraqın PKK-nın hərbi əməliyyatlarını dayandırmaq üçün əlindən gələni edəcəyini deyən İraq prezidenti, bunun qarşılığında Türkiyənin də bu ölkədəki Kürd azlığa daha geniş azadlıqlar verməsini xahiş edib.

İraq prezidenti ölkə ərazisində bütün silahlı fəaliyyətin konstitusiya ilə qadağan olunduğunu xatırladıb.

Tələbani deyib ki, İraqın demokratik qonşusu Türkiyəyə qarşı həyata keçirilən istənilən hücum terror aksiyası kimi qəbul olunacaq və buna yol verənlər təmsil etdiklərini irəli sürdükləri kürd xalqına pislik etmiş olacaqlar.

Abdulla Gül də PKK-nın qarşısını kəsmək üçün xüsusilə İraq liderlərinin dəstəyini zəruri sayıb.
Ankarada inanılır ki, İraq kürdləri bu məsələdə ehtiyatlı hesablama apara bilərlər.

Belə ki, Amerika qoşunları İraqı tərk edərək evlərinə dönəndə, kürdlərin sərhədi qorumaqda Türkiyənin dəstəyinə ehtiyacı olacaq ki, onların avtonomiyasının və son illərdə qazandığı iqtisadi uğurlarının təhlükəsizliyini təmin edə bilsin.

Cəlaləddin Yavuz Ankaradakı Türksam Araşdırmalar mərkəzinin İraq və təhlükəsizlik siyasəti üzrə ekspertidir. O, Amerikanın səsinə müsahibəsində prezident Gülün səfəri ilə əlaqədar bunları deyib:

“Prezident Gülün İraq səfərinin əsas məqsədi Amerika qoşunlarının bölğədən çəkilməsindən sonra bu ölkənin gələcəyini müəyyən etməkdir. Yəni oradakı boşluq necə doldurulacaq? Xüsusilə də İraqın şimalında təhlükəsizlik məsələləri xüsusi önəm kəsb edib. Bu bölgə əmin əllərə verilməlidir. Bu insanlar çətinə düşdükdə hər zaman Türkiyəyə üz tutublar. İki ölkə arasında ziddiyyətlərə baxmayaraq, qarşılıqlı dialoqların olması çox vacibdir”.

Son məlumatlara görə, artıq PKK liderləri İraq prezidentinin Türkiyəyə qarşı silahı yerə qoymaq barədə çağırışını rədd ediblər.

Təşkilatın yetkilisi Əhməd Dəniz televiziya açıqlamasında İraqın şimalını heç bir vəchlə tərk etməyəcəklərini deyib.

XS
SM
MD
LG