ABŞ prezidenti Barak Obama Londonda Böyük Iyirmiliyin sammiti öncəsi bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya, Çin və Böyük Britaniyanın liderləri ilə müzakirələr zamanı bir sıra məsələlər gündəmə gətirilib. Barak Obama Böyük Britaniyanın baş naziri Qordon Braunla görüşüb. Liderlər qlobal iqtisadi böhranla mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. Onlar belə bir böhrana bir daha yol verilməyəcəyinə dair öhdəliklərə əməl ediləcəyinə vəd veriblər. ABŞ dövlət başçısı London sammitinə nitq söyləmək deyil, dinləmək üçün gəldiyini bildirib. O deyib ki, ortaq zəmin yaradılması vaxtaşırı fikir ayrılıqları demək deyil. Prezident Obama heç bir ölkənin təklikdə iqtisadi böhranın öhdəsindən gələ bilməyəcəyini deyib.
"Mən tamamilə əminəm ki, bugünkü görüş problemlərin həllində birgə çalışmağın labüdlüyünü göstərəcək."
Böyük 20-liyin sammitinə hazırlıqlar gedərkən bəzi ölkələr Amerika Birləşmiş Ştatlarını maliyyə sektorunda tənzimləyici ölçülərinin kredit böhranı və iqtisadi tənəzzülə yol açdığında günahlandırıb. ABŞ prezidenti səhvlərə yol verildiyini etiraf edərək, digər ölkələrin maliyyə sektorunu sabit saxlaya bilən tənzimləmə ölçülərinə əl atmadığını deyib. Prezident indi bu problemlərə çarə tapılması vaxtı olduğunu bildirib.
O deyib ki, günahların üzə çıxarılması ilə deyil, problemlərin həlli ilə maraqlanır. Öz vətənində hökumət məsrəfləri planının işə salınmasına çalışan Barak Obama iqtisadi sammit zamanı başqa dövlətləri də eyni addımlar atmağa çağıracaq. Fransa və Almaniya bu fikrə qarşı çıxaraq, diqqətlərin tənzimlənmə islahatlarına yönəlməsinin vacibliyini qeyd edib. Fransa prezidenti Nikola Sarkozi bu sahədə razılqı əldə olunmasa sammiti tərk edəcəyi barədə xəbərdarlıq verib.
Bu gün ilk Avropa səfəri çərçivəsində Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb. İlk dəfə görüşən prezidentlər strateji silahların ixtisarına dair saziş əldə ediləcəyinə ümid bəslədiklərini deyiblər. Dövlət başçıları ABŞ-Rusiya münasibətlərinin yeni erasına başlanğıc qoyulduğunu bildiriblər.
ABŞ prezidenti Barak Obama deyib ki, bugünkü konsturktiv dialoq nüvə silahlarının ixtisarı və silahların yayılmamasına dair sazişlər əldə edilməsi kimi ortaq maraqlar sahəsində əməkdaşlığa yol açacaq. Görüşdən sonra verilən bəyanatda son on ildə Rusiya ilə Amerika arasında silahlar məsələsinin müzakirəsi ilk mühüm müzakirə kimi qiymətləndirilib. Tərəflər 1991-ci ildə əldə edilən və müddəti başa çatmaqda olan Strateji silahların ixtisarı sazişinin yenisi ilə əvəz edilməsi üzərinə iş aparılacağını bildiriblər.
Rusiya prezidenti Dmitri Medvedev əməkdaşlıq perspektivlərindən danışıb, hər iki ölkəni də narahat edən məsələlərin fikir ayrılıqları mövcud olsa belə, birgə həll ediləcəyini deyib.
ABŞ prezidentinin bu gün Çinin dövlət başçısı ilə də şəxsi görüşü olub. Barak Obama ilin ikinci yarısında Çinə səfəri ilə bağlı Hu Tsuntaunun dəvətini qəbul edib. Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, enerji, iqlim dəyişikliyi, terrorizmlə mübarizə, təhsil və səhiyyə də daxil edilməklə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.