Accessibility links

Amberin Zaman: Türkiyənin regional nüfuzu genişlənir


ABŞ Dövlət Katibi Hillari Klinton Prezident Barak Obamanın Türkiyəyə səfər edəcəyini elan edəndə hətta ən bilikli ekspertlər bundan təəccübləndilər. Güman edilirdi ki, Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın Dünya İqtisadi Forumunda İsrail prezidenti ilə sərt qarşıdurması ABŞ-la münasibətlərə xələl gətirib. Lakin Ekonomist məcmuəsinin Türkiyə üzrə müxbiri Amberin Zamanın yazdığına görə Prezident Obamanın Türkiyəyə gəlişi ABŞ-Türkiyə münasibətlərində istiləşmə perspektivini yenidən canlandırır.

Amberin Zaman Abdullah Gülü martın 10-da Tehrana səfəri zamanı müşayiət edərkən Türkiyə prezidenti ABŞ-Türkiyə münasibətlərinin pozulması haqda dolaşan fikirləri əsassız adlandırıb. Obamanın Türkiyəyə səfər planından təəccüblənmədiyini bildirən cənab Gül iki ölkə arasındakı əlaqələrin ikitərəfli əməkdaşlıqdan da uzağa getdiyini bəyan edib. Onun sözlərinə görə Türkiyə və Amerika bir çox sahələrdə ümumi maraqlara malikdir ki, bu da dostluğu gücləndirir. Türkiyə hökumətinin baş xarici siyasət eksperti olan Əhməd Davudoğlu Amberin Zamana Türkiyə-ABŞ münasibətlərinin qızıl eraya daxil olduğunu bildirib. Belə ki, indi ABŞ-a prezidentlik edən şəxs dialoqu konfrontasiyadan üstün tutur və İraqa müdaxilə kimi məsələlərdə Ankaranın mövqeyini bölüşür. Bu sıraya ABŞ-la İranın yaxınlaşması, Qərbin Rusiyadan enerji sahəsində asılılığının azaldılması və bu yönümdə Qafqaz vasitəsilə yeni boru kəmərələrinin çəkilişi habelə ABŞ qüvvələrinin İraqdan çıxarılması daxildir.

Zamanın yazdığına görə son illərdə Türkiyənin regionda nüfuzu xeyli genişlənib. Ankaranın Yaxın Şərqdə tərəflər arasında vasitəçilik səyləri və onun Avropa Birliyi ilə yaxınlaşması dövlətin strateji əhəmiyyətini gücləndirib. Rusiyanın Avropanı özündən asılı vəziyyətə saldığı halda Türkiyənin geostrateji mövqeyi imkan verir ki, bu ölkə alternativ enerji marşrutu qismində fəaliyyət göstərsin. Mədəni baxımdan Türkiyədə istehsal olunan tele-şoular Türk mədəniyyətinə və dilinə olan marağı artırıb.

Tehranda görüşləri zamanı Abdullah Gül İran liderləri tərəfindən böyük hörmətlə qarşılandı. Türkiyə liderinin Tehrana mesajı ondan ibarət idi ki, İslam Respublikası Obama administrasiyasının irəli sürdüyü dialoq təklifinə müsbət yanaşsın. Hələlik zahirdə İran rəhbərliyi yumşalma nümayiş etdirmir. Lakin güman edilir ki Türkiyə rəhbərliyinin səyləri sonda baş verə biləcək yaxınlaşmanın bünövrəsini qoymaqda yardımçı olacaq. Türkiyə rəhbərliyinin İraq və kürdlərlə bağlı yürütdüyü siyasətdə də müəyyən fərqlər nəzərə çarpmaqdadır. Ankaranın İraqın kürd liderləri ilə təmas qurması PKK-nın həmin regiondakı fəaliyyətinin məhdudlaşdırılmasına xidmət göstərməkdədir. Türkiyənin bu xüsusda ABŞ-la əməkdaşlığı da gələcək konfliktin baş verməsinin qarşısını ala bilər.

Bununla belə qarşıda elə bir məsələ var ki, o, ABŞ-Türkiyə münasibətlərinə ağır zərbə endirə bilər. Seçki kampaniyası zamanı Obama erməni genosidini tanıyacağını bəyan etmişdi. Obama administrasiyası bu vədi yerinə yetirməklə bağlı Amerikalı erməni lobbiçiləri və onların konqresdəki nümayəndələrinin təzyiqləri ilə üzləşir. Əgər Obama administrasiyası bu addımı atarsa onda Türkiyə öz tərəfindən cavab ölçüləri götürə bilər. Eyni zamanda Türkiyə rəsmiləri Ermənistanla münasibətlərin normallaşdırılmasına ciddi səylər göstərirlər. Belə görünür ki, Türk rəsmilər Azərbaycanı inandıra biliblər ki, Ankara-Yerevan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllində və Rusiyanın Cənubi Qafqaza müdaxiləsini məhdudlaşdırmaqda müsbət rol oynaya bilər. Əgər yaxın həftələrdə Türkiyə ilə Ermənistan arasında razılıq əldə olunsa, onda Əhməd Davudoğlunun ABŞ-Türkiyə münasibətlərində “qızıl eranın” başlanması haqda dedikləri reallığa çevrilə bilər, deyə Amberin Zaman yazısını bitirir.

XS
SM
MD
LG