Accessibility links

Dəyirmi Masa: Barak Obamanın Türkiyəyə səfəri


ABŞ Prezidenti Barak Obama cümə günü ilk dəfə olaraq Türkiyəyə rəsmi səfər edəcək. Səfərlə bağlı həm Vaşinqton həm də Ankarada gözləntilər böyükdür. Güman olunur ki, ABŞ-Türkiyə münsaibətlərində baş verəcək dəyişiklilər Cənubi Qafqazda öz təsirini göstərəcək. Cənab Obamanın Türkiyəyə səfəri və bunun mümkün nəticələrini müzakirə etməkm üçün həftənin dəyirmi masa söhbətinə Xəzər Araşdırmaları Fondunun prezidenti Vəfa Quluzadə və Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə üzrə eksperti Bülent Əlirzanı dəvət etdik.

Obamanın Türkiyəyə səfərinin önəmini qeyd edən Bülent Əlirza ABŞ liderinin Kanadadan sonra ikinci rəsmi dövlət səfərini Türkiyəyə etdiyini vurğuladı. Ekspertin rəyinə görə bu, Türkiyənin ABŞ xarici siyasətində tutduğu mövqeyi nümayiş etdirir. Bundan əlavə, Obama administrasiyası müsəlman dünyasına və eləcə Ankaraya mesaj göndərmək istəyir ki, Vaşinqtonun regiona münasibəti sələfindən fərqlənəcək. Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə də səfərin əhəmiyyətini yüksək qiymətləndirdi. O, qeyd etdi ki, Soyuq Müharibə dönəmindən bəri qurulan dostluq tellərinin qorunması hər iki dövlətin mənafeyinə xidmət edir.

Başlıca müzakirə mövzularından biri ABŞ hökumətinin erməni soyqırımını tanıyacağı haqda dolaşan fikirlər oldu. Bülent Əlirza bildirdi ki, əgər Barak Obama seçki kampaniyası dönəmində verdiyi vədə sadiq qalaraq bu addımı atsa onda ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşə bilər. O, əlavə etdi ki, son bir neçə ay ərzində Türkiyə hökuməti Ermənistana yaxınlaşmaq yönümündə bir sıra addımlar atıb. Ermənistanla sərhədlərin açılması perspektivi də məhz Türkiyənin ABŞ və Avropaya Ermənistanla münasibətlərdəki dəyişiklik barədə mesaj göndərmək məramından irəli gəlir.

Türkiyənin Ermənistanla yaxınlaşmasına Azərbaycanın mövqeyini təsvir edən politoloq Vəfa Quluzadə isə rəsmi Bakının buna mənfi münasibət bəslədiyini söylədi. Cənab Quluzadənin fikrincə Ankara-Yerevan yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olacağı haqda deyilən fikirlər əsassızdır. Müşahidəçilər onu da nəzərə almalıdırlar ki, ortada Rusiya faktoru var. Ermənistan hökumətinin Türkiyənin etdiyi güzəştlərdən asılı olmayaraq Kremlin razılığı olmadan bu yönümdə müstəqil atmaq imkanları məhduddur. Vəfa Quluzadə Türkiyənin daxili siyasi dinamikasının onun xarici siyasətinə göstərdiyi təsirlərdən danışdı və bildirdi ki, rəsmin Ankara yeni siyasi kurs götürürkən ölkənin başlıca maraqlarını zərbə altına qoymamalıdır.

XS
SM
MD
LG