Accessibility links

Barak Obama İstanbulda Türkiyə və Ermənistanın xarici işlər nazirləri ilə görüşdü


Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obama bu gün İstanbulda Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əli Babacan və Edvard Nalbandyanla görüşüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rəsmi Anadolu agentliyinin yazdığına görə, görüş Dolmabahçe sarayında baş tutub.

CNN-Türk bir Ağ Ev rəsmisinə istənadən, Obamanın türk-erməni münasibətlərinin normallaşmasından bəhs etdiyini və tərəfləri tezliklə birgə anlaşma üzərində işləri yekunlaşdırmağa çağırdığını qeyd edir.

Hürriyyət isə Obanamım iki nazirlə bir araya gəlməsini "sürpriz görüş" adlandırır.

Vətən qəzeti əlavə olaraq xəbər verir ki, Obama Babacanla Nalbandyana iki ölkə arasında münasibətlərin inkişafını və Türkiyə-Ermənistan sərhədinin tezliklə açılmasını gözlədiyini deyib.

Qeyd edək ki, Nalbandyan bu gün işə başlayan "Mədəniyyətlər İttifaqı" adlı ikinci Forumda iştirak etmək üçün İstanbuldadır.

Bu tədbirdə 5 ölkə prezidenti və baş nazirlə, 31 dövlət isə xarici işlər naziri səviyyəsində təmsil olunur.

Azərbaycanı forumda Dini məsələlər üzrə dövlət komitəsinin sədri Hidayət Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

XS
SM
MD
LG