Rusiya xəbər agentliklərinin məlumatına görə, Moldova
prezidenti Rumıniyanı Kişinyovdakı etiraz aksiyalarına qarışmaqda ittiham edib.
Xəbərlərdə deyilir ki, prezident Vladimir Voronin Rumıniyanın Moldovadakı
səfirini persona-non-qrata elan edib və ölkəsinin Rumıniyadakı səfirini geri
çağırıb. Moldovanın iğtişaş polisi dünən bir çox nümayişçilər gecə evlərinə
dağılandan sonra prezident aparatı və parlament binasını yenidən ələ keçirib.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, polislər xuliqanlıq və soyğunçuluq
ittihamları ilə 193 nəfəri həbs edib. Dünən əsasən gənclərdən təşkil olunmuş
nümayişçilər parlament və prezident aparatı binasını mühafizə edən polisə üstün
gəlmişdi. Tələbələr ölkədə bazar günü keçirilən seçkilərin nəticələrinə etiraz
edir. Onlar Kommunist partiyasının seçkiləri saxtalaşdırdığını iddia edir.