Accessibility links

ABŞ terror şübhəlilərini fərqli metodlarla dindirib


Obama administrasiyası deyir ki, terror şübhəlilərinə qarşı waterbording olaraq bilinən sudaboğma stimulyasiyası və bir çox başqa işgəncə növlərindən istifadə edən Mərkəzi Kəşfiyyat Agentliyinin işçiləri məhkəmə ittihamları ilə üzləşməyəcək. Dünən Obama administrasiyası Buş dövründən qalan mübahisəli dindirmələrə icazə verən 4 hüquqi sənədi açıqlayıb.
ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Terrorizm şübhəlilərinin dindirilməsi üsulları ilə bağlı 4 hüquqi sənədin açıqlanması qanunla tələb olunur. Bu memolar Amerika Vətəndaş Azadlıqları Birliyinin məhkəməyə müraciətinə cavab olaraq açıqlanıb. Məsələ güclü debatlara səbəb olmuşdu.
Ağ Evin dünən açıqladığı bəyanatda deyildiyinə görə, cənab Obama məsələyə aydınlıq gətirərək bildirib ki, o, səlahiyyət müddətinə başlayandan bəri bu növ dindirmə metodlarına qadağa qoyub. Prezident deyib ki, bu, ABŞ-ın əxlaqi normalarına ləkə gətirir və ölkənin təhlükəsizliyinə hədələr yaradır.
2002-2005-ci illər aralığında yazılan bu 4 hüquqi sənəd ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanıb. Sənəddə aşağıdakı metodlardan istifadə olunduğu deyilir: məhbusların boyunlarına plastik həlqə keçirilərək divara çırpılması, böcəklərlə dolu qutunun içərisində saxlanması, yuxusuz və ağrı verici vəziyyətdə saxlanma. Sənəddə habelə sillələmə və sudaboğma stimulyasiyası kimi başqa üsullardan da istifadə olunduğu bildirilir.
Amerika Vətəndaş Azadlıqları Birliyinin sözçüsü Aleks Abdo Obama administrasiyasının bu addmını yüksək qiymətləndirsə də, kifayət qədər şəffaflıq olmadığını bildirib.
ABŞ prezidenti isə açıqlamasında bildirib ki, bu növ dindirmələri həyata keçirənlər məhkəməyə çıxarılmayacaq. Ancaq onun sözlərinə görə, səlahiyyətlərini aşan şəxslərin ittiham olunması istisna deyil.
XS
SM
MD
LG