Accessibility links

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtona dəvət olundu


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gələn həftə ABŞ-a işğüzar səfəri çərçivəsində ABŞ Dövlət katibi Hillari Klinton, Pentaqonun və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, nazir 4-5 may tarixlərində ABŞ-da olacaq. Səfər çərçivəsində Məmmədyarovun bir qrup yerli ekspertlərlə görüşü də nəzərdə tutulub.

Bu arada, Ermənistanın “PanArmenian” və “Arminfo” xəbər agentlikləri bu ölkənin xarici işlər naziri Edvadr Nalbandyanın da may ayının ilk günlərində Vaşinqtona dəvət olunduğunu xəbər veriblər.

Məlumata görə, cənab Nalbandyanın da dövlət katibi Hillari Klintonla görüşü nəzərdə tutulur. Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi bildirilir.

Ermənistanın rəsmi “Armenpress” xəbər saytının məlumatına görə, aprelin 27-də Amerika tərəfinin təşəbbüsü ilə dövlət katibi Hillari klintonla Edvard Nalbandyan arasında telefon danışığı olub. Tərəflər Türkiyə-Ermənistan münasibətləri və Qarabağ danışıqlarından bəhs ediblər.

Xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə mayın 7-də Praqada görüşməyi təklif ediblər.

Ötən həftə regiona səfərləri zamanı Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza vasitəçilərin bu təklifinin qəbul olunduğunu bəyan edib.

XS
SM
MD
LG