Accessibility links

Vəfa Quluzadə: ‘Türkiyə-Ermənistan yaxınlaşması artıq iflasa uğradı’


Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu gün Vaşinqtonda dövlət katibi Hillari Klintonla görüşü Bakıdakı siyasi dairələrdə də müzakirə olunmaqdadır.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyir ki, bu, ABŞ-ın yeni administrasiyasının münaqişəyə diqqəti artırdığını deməyə əsas verir:

«Aydındır ki, yeni administrasiya problemləri müzakirə etməklə özünün bu məsələyə yeni töhfələrini müəyyənləşdirməyə çalışır. Və yəqin ki, tərəflərə müvafiq mesajlar verməklə, mövqeləri aydınlaşdırıb onların yaxınlaşdırılması üçün konkret addımların atılmasını təklif edəcək».

Mayın 7-də prezidentlər İlham Əliyev və Serj Sarkisyan Praqada Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər.

Hazırda Vaşinqtonda olan xarici işlər nazirləri Məmmədyarovla Nalbandyan da dövlət başçılarını müşayiət etmək üçün buradan birbaşa Çexiya paytaxtına yollanacaqlar.

Danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri 5 il əvvəl Qarabağ təmaslarının startı verildiyi Praqa şəhərində bu dəfə müəyyən irəliləyişlər əldə olunacağını gözləyirlər.

Bu yaxınlarda regiona səfəri zamanı Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Bakı-Yerevan təmaslarında irəliləyişə stimul verən amillər sırasında Türkiyə-Ermənistan yaxınlaşmasını göstərmişdi.

Bu yaxınlaşma Bakı-Ankara münasibətlərində müəyyən soyuqluq yaratsa da, Türkiyə rəhbərləri də Ermənistanla təmasların yalnız Qarabağ nizamlanmasında inkişaf əldə olunacağı təqdirdə nəticə verəcəyində israr edirlər.

Bu arada, Araz Əzimov Bakıda Ankara ilə ixtilafın çözülmək üzrə olduğuna işarə edərək, Türkiyə ilə Azərbaycanın müştərək maraqlarından danışıb.

Türkiyə paytaxtından təzəcə dönən nazir müavini deyib ki, ölkələr arasında həll ediləcək suallar Türkiyənin baş nazirinin Bakıya səfəri zamanı öz cavabını tapacaq.

Bir müddət öncə isə Azərbaycan prezidenti türk-erməni sərhədinin açılıb-açılmayacağı barədə onda sadə sualların olduğunu və buna cavab axtardığını bəyan etmişdi. Elə bu mövzuda dünən Ankarada müzakirələr aparılıb.

Araz Əzimov: "Bəzi suallara cavab alındı, digərləri isə dəqiqləşdirilməlidir. Əsas budur ki biz Türkiyə ilə birgə işimizi belə qurmalıyıq ki, hər iki dövlətin maraqları təmin olunsun. Bu maraqlar birdir: regionda təhlükəsizlik təmin olunmalı və Ermənistan ətrafındakı bütün ölkələrin ərazi bütövlüyünü tanımalı, işğal olunmuş torpaqlardan çıxmalıdır”.

Vaxtı ilə Qarabağ danışıqlarında yaxından iştirak etmiş Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə isə hesab edir ki, hazırda Vaşinqtonda və Ankarada aparılan təmaslar münaqişənin nizamlanması istiqamətində yeni heç nə vəd etmir. Çünki əslində bu məsələdə real danışıqlar heç başlanmayıb.

Ancaq mümkündür ki, Vaşinqton görüşü və onun ardınca Praqada aparılan təmaslar, Dağlıq Qarabağ probleminin həllinə yönəlik prosesin başlanması mərhələsi olsun.

O ki qaldı, Qarabağ nizamlamasında Türkiyə-Ermənistan yaxınlaşmasının rolu barədə fikirlərə, Vəfa Quluzadə bunu real saymır. O, Amerikanın səsinə müsahibəsində daha sonra bunları deyib:

“Türkiyə Ermənistan yaxınlıaşması baş tutmadı. Bu siyasət artıq iflasa uğradı. Hələlik reginda vəziyyət donmuş qalır. Amma mən ümidvaram ki Amerika kimi dünyanın aparıcı dövləti bu donu sındıracaq. Amma o vaxt tələb edir”.

Amma Vəfa Quluzadə onu da deyir ki, ABŞ-ın yeni administrasiyasının Qarabağ təmaslarına hazırkı diqqəti olduqca müsbət haldır və bu o vaxt nəticə verəcək ki, bunun davamı olsun.

XS
SM
MD
LG