Accessibility links

ABŞ Mətbuatı: Seçki öncəsi İranda siyasi mənzərə


İranda prezident seçkilərinə bir ay qalmış Daxili İşlər Nazirliyi 475 namizədin qeydə alındığını xəbər verir. Bunların arasında 40 qadın da var. Qeydə alınanların yaşları 19-la 86 arasındadır. Lakin mühafizəkar mollarlardan və vəkillərdən ibarət Nəzarət Şurası onlardan əksəriyyətinin namizədliyini ləğv edərək meydanda bir ovuc adamın namizədliyini saxlayacaq.

New York Times qəzetinin yazdığına görə bu il qeydə alınan namizədlərin sayı ötən seçkilərlə müqayisədə ikiqat azdır. O vaxt qeydə alınan 1014 namizəddən yalnız 6-ı seçkilərə buraxılmışdı. Mayın 22-də namizədlərin İslamçı baxışlarını və keçmiş fəaliyyətlərini nəzərdən keçirəcək Nəzarət Şurasının ixtisar edilmiş namizədlər siyahısını açıqlayacağı gözlənilir. Güman ki, siyasi və sosial baxımdan islahata meylli şəxslərin namizədliyi ləğv olunacaq. Hazırda ictimaiyyət prezident Mahmud Əhmədinejadı ölkənin üzləşidiyi iqtisadi böhrana görə qınayır.

Real namizədlərin 3 şəxs olduğu deyilir ki, bunlar sabiq baş nazir Mir Hüseyn Musəvi, sabiq parlament spikeri Mehdi Kərrubi və İnqilabi Qvardiyanın sabiq rəhbəri Möhsen Rezayi olacaq. Kampaniyanın ən təəccüb doğuran məqamı bu namizədlərin Əhmədinejada ünvanladıqları sərt tənqid olub. Ötən həftə keçmişdə siyasi və sosial açıqlığa qarşı çıxan Rezai prezidenti ölkəni uçuruma doğru sürükləməkdə ittiham edərək onun xarici siyasətini “təxribat xarakterli” adlandırıb. O biri tərəfdən Mehdi Kərrubi cənab Əhmədinejadın Holokostu inkar etməsini pisləyərək bu növ hərəkətlərin İranı beynəxlalq ictimaiyyətdən təcrid etdiyini dilə gətirib. Əhmədinejada ən ciddi rəqib sayılan Mir Hüseyn Musəvi isə küçədə qadınların geyiminə nəzarət edən patrulları tənqid edib.

Bununla belə Mahmud Əhmədnejadın seçilmə şansları hələ də qalır. Belə ki, ölkə boyu səfərlərində təvazökarlıq nümayiş etdirən prezident səxavətinə və bürokratik əngəllərə qarşı mübarizəsinə görə tanınır. “Xalq Oğlu” adlı kitabın müəllifi kimi Əhmədinejad evinin qarşısında kiçik bostan yetişdirir və onun yenicə evlənmiş qızı kiçik mənzildə yaşayır. Bu növ xüsusiyyətlər isə ictimaiyyətin bəzi guşələrində Əhmədinejada rəğbət hissini yaşadır.

Xarici siyasətə gəldikdə İran beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Bir günlük məhkəmədə 32 yaşlı Amerikalı-İranlı jurnalist Roksana Saberi casusluq ittihamı ilə məhkum edildikdən 3 həftə sonra appelyasiya məhkəməsi əvvəlki hökmü ləğv edərək Saberini azadlığa buraxdı. Washington Postun yazdığına görə Tehranın Evin həbsxanası qarşısında qızlarını qarşılayan valideynlər çox xöşbəxt idilər. Bu son qərar ABŞ-la İran arasında münasibətlərin istiləşməsinə bir işarə ola bilər. Bu yaxınlarda Birləşmiş Ştatlar İran məhkəməsinin Saberiyə qarşı hökmünü “əsassız” adlandırmış və Dövlət Katibi Hillari Klinton jurnalistin azadlığa buraxılmasına çağırmışdı. İran prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfəxr Saberinin azadlığa buraxılmasının müsbət yozulmasına etiraz etmədiyini bildirib. “İnsanlar özləri nəticə çıxara bilərlər,” deyə müşavir Posta söyləyib. “Ola bilər, biz elə insanların bu hadisəni yozmasını istəyirik.”

XS
SM
MD
LG