Accessibility links

Bülənt Əlirza: 'Ərdoğan Bakıda Qarabağla bağlı təminat verəcək'


Türkiyə və Ermənistan arasında münasibətlərin "yol xəritəsi" müəyyən edildikdən sonra Türkiyə lideri ilk dəfədir ki, Azərbaycana səfər edir.

Rəcəb Tayyib Ərdoğan səfər əsnasında Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək və Milli Məclisdə çıxış edəcək.

Türkiyə və Ermənistan aprelin 22-ndə birgə bəyanatla çıxış edərək, münasibətlərin normallaşdırılmasına dair yol xəritəsini razılaşdırmışlar.

Özünün ən yaxın müttəfiqinin planlarından məyus olan Azərbaycan rəhbərliyi isə Türkiyə ilə Ermənistan arasında münasibətlərin gözlənilməz tərəqqisindən tez-tez narahatlıq izhar edir.

Bu gün Bakıya yola düşməzdən əvvəl İstanbulda jurnalistlər üçün keçirdiyi brifinqdə Ərdoğan deyib ki, əslində, Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik baş verməyib, “sadəcə olaraq son zamanlar mətbuatda iki qardaş dövlətin əlaqələrinə dair yanlış məlumatlar yayılıb”.

“Anlaşılmazlıqların belə davam etməsini istəmirik. Bakıya gedib, düşüncələrimi Azərbaycan ictimaiyyətinə də açıqlayacağam”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri Azərbaycan prezidenti ilə müzakirə edəcəyi məslələrin gündəliyini də açıqlayıb. Bunlar Türkiyə Azərbaycan və Türkiyə-Ermənistan münasibətləri, Qafqaz evi ideyası ətrafında aparılan işlər və enerji məsələləridir.

Bəs görəsən, iki dövlət öz aralarında Ərdoğanın dediyi kimi, son ayların anlaşılmazlıqlarını arxada qoymaq üçün, necə bir davranış nümayiş etdirməlidirlər?

Amerikanın səsi radiosu bu sualla Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirzaya müraciət edib.

“Bu, sadəcə iki dövlətdən asılı məsələ deyil. Əsl problem Dağlıq Qarabağ torpaqlarının hələ də Ermənistan tərəfindən işğalıdır. Ermənistan əgər 15 ildən bəri atmadığı bir addımı atarsa və bu torpaqların heç olmasa bəzilərindən çəkilməyə başlayarsa, o zaman Türkiyə-Ermənistan normallaşması istiqamətində önəmli addım atıla bilər. Azərbaycanla Türkiyə arasında Ərdoğanın səfərilə başlayan görüşlərdə də vacib olan budur. Bakıda Türkiyənin Ermənistana Qarabağ torpaqlarının işğalına son qoyması şərtindən vaz keçib-keçmədiyi sual edilir. Məncə, Ərdoğan bu şərtdən vaz keçmədiyini təkrar söyləyəcək və bununla da Bakıya təminat vermiş olacaq”.

Bu, Vaşinqtondan ekspert Bülənt Əlirzanın fikirləridir.

Ankaradan siyasi təhlilçi doktor Mithat Çelikpala isə Türkiyə liderinin Bakıya səfərini Amerikanın Səsinə şərh edərkən deyib ki, ümumiyyətlə, son bir ayda Bakı ilə Ankara arasında baş verənlər iki qardaş ölkə arasındakı münasibətlərin ruhuna uyğun gəlmir.

“Türkiyədə Əliyevi Ankaraın yerinə Moskvaya getməkdə günahlandırarkən, Azərbaycan rəsmiləri də Türkiyəni Bakıya getmədən Yerevana səfərdə günahlandırırdılar. İndi isə bu imici ortadan qaldırmaq üçün liderlər bir araya gələcəklər”.

Bakıdan sonra Türkiyə baş naziri Polşaya, ardınca isə rusiyalı həmkarı ilə görüşmək üçün Soçiyə gedəcək.

Cənab Celikpaşa deyir ki, Ərdoğanın Bakıya səfərdən az sonra Moskvaya getməsinin məqsədi var.

Türkiyə lideri Rusiyadan bir sıra məsələlərdə dəstək istəyə bilər. Bunlardan biri Ermənistanla münasibərlərdirsə, digəri də enerji mövzusu ilə bağlıdır.

Belə ki, son zamanlar Bakının qaz əməkdaşlığında Ankaraya yeni şərtlər qoyması barədə məlumatlar fonunda, Türkiyə üzünü bu sahədə Moskvaya çevirib.

XS
SM
MD
LG