ABŞ Dövlət Departamenti Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə
Riçard Holbrukun baş məsləhətçisi Vəli Reza Nəsrin İrana getdiyi
barədə İran mediasında çıxan xəbərləri təkzib edib. Dövlət
Departamentinin sözçüsü İan Keli deyib ki, bu gün cənab Nəsr,
Vaşinqtondakı ofisində olub və Tehrana səfər etməyib.
İranda
dövlətə məxsus 'Press TV' ölkədəki başqa xəbər mənbələrinə
istinad edərək cənab Nəsrin əvvəlcədən elan etmədən Tehrana gəlməsi
barədə xəbər yayıb. İran hökuməti bu xəbəri təsdiq etməyib, ancaq xarici
işlər naziri Mənuçöhr Mottəki onun İran mənşəli olduğuna işarə etməklə
Tehrana səfərinə etiraz etməyəcəyini deyib. Cənab Mottəki söyləyib ki, hər
bir iranlı kimi İranda anadan olmuş Vəli Reza Nəsrin də bu ölkəyə
səfəri problem təşkil etmir.
İranın media xəbərlərində cənab
Nəsrin iddia edilən səfərinin İran mənşəli amerikalı jurnalist Roksana
Saberinin azadlığa buraxılması ilə əlaqəsi olduğu irəli sürülüb.