Accessibility links

Ceymstaun Fondunda forum: Azərbaycan-Qərb münasibətləri


Vaşinqtondakı Ceymstaun Fondunda “Azərbaycan və Qərb: Avrasiyanın Kəsişməsində Strateji Tərəfdaşlıq” mövzusunda konfrans keçirilib. Region üzrə aparıcı ekspertlər Azərbaycanın ABŞ və Avropanın təhlükəsizlik maraqlarının təmin edilməsində aparıcı tərəfdaş kimi rolu, Azərbaycanın müsəlman dünyasında rolu və digər məsələləri müzakirə ediblər.

Natiqlər Vladimir Sokor, Brenda Şeffer və Daniel Fata Azərbaycanın Avrasiya bölgəsində unikal mövqeyə sahib olduğunu vurğulayaraq Qərb-Azərbaycan münasibətlərinin inkişafına səslədilər. Ekspertlərin fikrincə Azərbgaycanın enerji təchizatındakı rolu, regional təhlükəsizlik sahəsində sərgilədiyi tərəfdaşlıq, və Avro-Atlantik məkana inteqrasiya istəyi bu yaxınlaşmanın mühümlüyünü artırır.

Ceymstaun Fondunun aparıcı eksperti Vladimir Sokor son dövrdə Qərbin Cənubi Qafqazdakı maraqlarının zərbə aldığını qeyd etdi. Onun sözlərinə görə 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinin ardınca Kremlin regionda təşəbbüsü ələ aldığı müşahidə olunur. O biri tərəfdən isə ABŞ və başqa Qərb dövlətləri regionla münasibətləri nisbətən soyudublar və dövlətlər arasında arzuedilən səviyyədə təmaslar nəzərə çarpmir. Sokor Azərbaycanın keçmiş Sovet məkanında ən Qərbpərəst dövlət olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan daim mühüm məsələrdə Qərbin yanında olub. O, buna misal olaraq regional enerji nəqliyyatı layihələrini, Azərbaycan qüvvələrinin Kosovoda, İraqda və Əfqanıstanda xidmət etməsini göstərdi. Bunun əvəzində isə ABŞ başda olmaqla Qərb dövlətləri Azərbaycana lazım olan diqqəti göstərmir. Sokor tövsiyə etdi ki, ABŞ Azərbaycanın maraqlarını Rusiya və ya hər hansı başqa dövlətlərlə danışıqlarda sövdələşmə obyektinə çevriməsin və Azərbaycanı regionda aparıcı dövlət kimi tanısın.

Azərbaycanın İslam dünyasındakı rolu haqda danışan Hayfa Universitetinin professoru Brenda Şeffer ABŞ-ın bəzi dairələrində İslam dünyasının vahidliyi haqda yanlış təsəvvür var. Halbuki hər bir ölkədə və regionda dini radikalizm daxili cərəyanları təmsil edir. Şeffer Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunaraq bir milyona yaxın adamın qaçqın düşməsini qeyd etdi. Lakin buna baxmyaraq İslam dünyasında ermənilərə və ya ruslara qarşı fərqli münasibət sərgilənmir. Onun sözlərinə görə bir çox Ərəb ölkələrində radikal İslamın anti-Amerikanizm şəklində özünü büruzə verməsi lokal fenomendir və bu, Azərbaycana və ya başqa istənilən əhalisi müsəlman olan dövlətə avtomatik şamil edilməməlidir. Şeffer həmçinin əlavə etdi ki, Azərbaycanda çoxlu sayda insanların köçkünlük, yoxsulluq və müxtəlif çətinliklərlə üzləşməsinə baxmayarq dünyanın başqa regionlarından fərqli olaraq azərbaycanlılar terrora üz tutmayıblar. Bunu xanım Şeffer Azərbaycandakı mövcud siyasi mədəniyyət və liderliklə izah etdi.

Kohen Qrupunun vitse-prezidenti və ABŞ müdafiə nazirinin sabiq yardımçısı Daniel Fata Pentaqonda işlədiyi dövrdə Azrbaycanla qurulan təmaslardan bəhs etdi. Onun sözlərinə görə sabiq müdafiə naziri Donald Ramsfeldin rəhbərliyi altında Pentaqonda regiona xüsusi diqqət yetirilirdi. Belə ki, cənab Ramsfeld keçmiş Sovet məkanı ilə münasibətlərin qurulmasında Rusiyanın mərkəzi rolunu qəbul etmirdi və hər bir dövlətlə ayrı-ayrılıqda, onun özəl maraqlarına əsasən əməkdaşlıq aparmağın vacibliyini anlayırdı. O, Pentaqonda işlədiyi dönəmdə Azəırbaycanla bağlı bir sıra mühüm layihələrin, ələlxüsus Oklahoma Milli Qvardiyası ilə Azərbaycan hərbi strukturları arasında təmasların yaranmasını önə çəkdi. Eyni zamanda cənab Fata bildirdi ki, Azərbaycan hökumətindən əməkaşlığa təlabat müəyyən qədər zəif görünürdü. Onun fikrincə rəsmi Bakının NATO-ya inteqrasiya və ABŞ-la əməkdaşlığa aktiv təşəbbüs göstərməsi daha çox nailiyyətlərə yol aça bilərdi. O, tövsiyə etdi ki, əgər varsa, Azərbaycan NATO-ya daxil olmaq istəyini açıq şəkildə izhar etsin və ABŞ-Azərbaycan rəsmiləri arasında qarşılıqlı səfərlərin tempi artsın.

XS
SM
MD
LG