Polşada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qdansk Universitetində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətlərinə toxunub.
“Hürriyyət” qəzetinin məlumatına görə, Cənab Ərdoğan deyib ki, “bu iki məsələni bir-birindən ayırmaq mümkün deyil, belə ki, Ankara ötən əsrin sonlarında Ermənistanla sərhədləri məhz Dağlıq Qarabağ münaqişəsi səbəbindən bağlayıb.
“CNN-Türk”ün yazdığına görə, Türkiyə lideri daha sonra bunları deyib: “Türkiyə-Ermənistan münasibətləri tam müstəqil deyil. Azərbaycan-Ermənistan münaqişəsi də bizi istər-istəməz əlaqələndirən bir mövzudur. Bunu yox saya bilmərik. Ermənistandan istədiyimiz odur ki, Dağlıq Qarabağdan çəkilsin. Bu qərarı biz yox, BMT Təhlükəsizlik Şurası verib. Ermənistan işğalçı olduğunu qəbul edir. Onda Qarabağdan çəkilsin”.
NTV telekanalı isə xəbərə əlavə olaraq Ərdoğandan belə bir sitat gətirir ki, Dağlıq Qarabağ münaqişəsi ortadan qalxarsa, Türkiyə sərhədləri dərhal açacaq.
Baş nazir ölkəsində 40 minə yaxın erməni əsilli qaçqının yaşadığını da xatırladıb.
Türkiyə lideri Polşaya səfərindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün birbaşa Soçiyə gedəcək.