Tehranda müxbirlərlə danışan İranın Ədliyyə nazirliyinin sözçüsü Əli Rza Cəmşidi İran mənşəli amerikalı jurnalist Roksana Saberinin azad edilməsinin səbəblərilə bağlı açıqlamalar verib.Onun bildirdiyinə görə, ABŞ-ın xeyrinə casusluq etmək ittihamları ilə dörd ay Evin həbsxanasında saxlanmış Saberi əməkdaşlıq etdiyinə görə azad edilib.
Əli Rza Cəmşidi deyib ki, apellyasiya məhkəməsində uzun təhqiqatdan sonra hakim Saberinin məxfi informasiyanı ABŞ-ın kəşfiyyat orqanlarına ötürmədiyi haqda nəticəyə gəlib və əlavə edib ki, “günahını boynuna alması” hökmdə nəzərdə tutulmuş müddətin azaldılmasına kömək edib.
Saberi azad edildikdən sonra İranın kəşfiyyat orqanının rəhbəri təkid edib ki, o, ABŞ-ın xeyrinə casusluq etməkdə günahkardır, çünki onun sözlərinə görə, Roksana Saberinin həbs müddətini azaltmış apellyasiya məhkəməsi ona qarşı əvvəlki ittihamları geri götürməyib.
Cəmşidi son sözün hakimə məxsus olduğunu deyib və hakimə hökmü dəyişmək üçün hər hansı şəkildə təzyiq göstərilə bildiyinin mümkünlüyünü inkar edib.