Accessibility links

Mixail Saakaşvili İlham Əliyevlə regional məsələləri müzakirə edib


Bu gün Bakıya səfər edən Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili azərbaycanlı həmkarı İlham Əliyevlə iki ölkə arasında əməkdaşlığın geniş spektrlərini və regional məsələləri müzakirə edib.

Gürcüstan həmişə Azərbaycanın ən yaxın və strateji partnyorlarından biri olub. Odur ki, bu iki ölkə liderlərinin qarşılıqlı səfərləri beynəlxalq müstəvidə də diqqətlə izlənən hadisələrdəndir.

Xüsusilə də Mixail Saakaşvilinin bu dəfəki səfəri son zamanlar Gürcüstanda daxili vəziyyətin gərginləşdiyi, eləcə də bu ölkənin Rusiya ilə münabətlərinin pisləşməsi fonunda baş tutur.

Tbilisidə yerləşən Strateji və Beynəlxaq Araşdırmalar Mərkəzinin eksperti Arçil Gegeşidze Amerikanın Səsinə müsahibəsində diqqəti ona yönəldib ki, Azərbaycan həm Gürcüstana, həm də Gürcüstan vasitəsilə enerji ixrac edir.

Onun fikrincə, məhz buna görə, Bakıda razı olmazdılar ki, Gürcüstanda vəziyyət qarışsın, çünki bu, ən yaxşı halda Azərbaycan üçün maliyyə itkiləri deməkdir.

Cənab Gegeşidze ötən il Gürcüstanla Rusiya arasında baş vermiş müharibəni xatırladır. O vaxt münaqişə bölgəsində baş verən toqquşmalar Azərbaycanın öz qonşusu vasitəsilə Avropaya enerji nəqlini iflic etmişdi.

Arçil Gegeşidze deyir ki, çox güman, Saakaşvilinin indi Bakıda müzakirə etdiyi məsələlər arasında enerji təhlükəsizliyi önəmli yer tutur.

“Hazırda Nabukko layihəsi günün mövzusudur. Bu, Azərbaycan və Gürcüstanı birləşdirən çoxsaylı əhəmiyyətli layihələrdən biridir. Yeni layihə isə əlavə olaraq iki ölkə arasında enerji təhlükəsizliyi tədbirlərinin koordinasıyasına ehtiyac yaradır. Ümumiyyətlə, regionda sabitliyin əldə olunması istiqamətində əməkdaşlıq indi ən cavib aktual məsələlərdəndir. Ötən il baş verənlər bu bölgədə təhlükəsizliyə daha artıq əlavə diqqət ayrılmasını zəruriləşdirir. Məncə bu məsələ prezidentlər arasında müzakirə olunacaq”.

Mixail Saakaşvilinin səfəri zamanı üç dövlətlərarası sənədin imzalanacağı gözlənilir.

Bunlar Gürcüstan və Azərbaycan arasında «Azad ticarət» və «Hava əlaqəsi» haqqında sazişlərə düzəlişlər, eləcə də «İntellektual mülkiyyətin» qorunması haqqında müqavilədir.

Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Jvaniya və energetika naziri Aleksandr Xetaquri də yer alır.

Arçil Gegeşidze deyir ki, Saakaşvilinin Bakıya məhz bu tərkibdə heyətlə yollanması təsadüfi deyil. Belə ki, regional problemlərdən başqa iki ölkə arasında ən vacib məsələ, ticarət tempini qoruyub saxlamaqdır.

“Gürcüstanla Azərbaycan ən yaxşı ticarət müttəfiqləridirlər. Azərbaycanın xarici ticarət dövriyyəsində əvvəlki yerlərdən birini Gürcüstan tutur. Məncə, yeni imkanlar barədə də dialoq aparılacaq. Ən aktual suallardan biri Gürcüstanla Türkiyəni birləşdirəcək Qars-Axalkalaki dəmir yolu layihəsidir. Buna görə də Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə və Avropaya yeni çıxışı olacaq”.

Ekspert deyir ki, prezidentlərin diqqətdə saxlamalı olduğu digər vacib məsələ Avropaya inteqrasiyadır.

İki ölkə arasında Avropa strukturları ilə əməkdaşlığa dair tədbirlərin koordinasiyasına ehtiyac var, belə ki Azərbaycanla Gürcüstan NATO və Avropa Birliyi üçün eyni kökənin ən yağlı tikələridir.


XS
SM
MD
LG