Dünən Vaşinqtonda başa çatan Türk-Amerika Şurasının 28-ci toplantısında Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunub.
Üçgünlük konfransın işinə Türkiyədən və Amerikadan nazirlər, hərbçi və səfirlər, eləcə də iş adamları qatılıb.
Müzakirələrdə Türkiyə Amerika münasibətləri ilə yanaşı, Ankaranın regional rolu, Ermənistanla əlaqələr və Vaşinqtonun Qarabağ nizamlanmasında fəaliyyəti də diqqət mərkəzində saxlanılıb.
Türk-Amerika Surasının 28-ci yığıncağı prezident Barak Obamanın aprel ayında Ankaraya səfərindən sonra iki ölkənin münasibətlərdə yeni mərhələnin yarandığı bir vaxtda keçirildiyi üçün, bu atmosfer Vaşinqton konfransının işinə də öz təsirini göstərib.
Ancaq tədbirdə çıxış edən Türkiyə rəsmiləri, o cümlədən müdafiə naziri Vecdi Gönül iki ölkə siyasilərini zaman-zaman məşğul edən problemləri də qabardıb.
Məsələn, cənab Gönül ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini gücləndirməyə çağırıb.
Türkiyə müdafiyə naziri Ermənistan Dağlıq Qarabağdan çıxamayınca, Ankaranın Yerevanla münasibət qurmaqdan imtina etməsi barədə ölkəsinin mövqeyini bir daha xatırladıb.
Vecdi Gönül deyib ki, ölkəsi 2007-ci ildən Ermənistanla münasibətlərini normallaşmaqa doğru istiqamətləndirib.
Ancaq o əlavə edib ki, erməni diasporu Amerikada Türkiyə əleyhinə işləyir və bu səpkili fəaliyyətlər Türkiyə-ABŞ və Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsiri göstərəcək.
ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərin soyqırım iddiaları ilə bağlı qətnaməyə dəstək verən qanunvericilərin sayının 125 çatdığına işarə edən Türkiyə müdafiyə naziri, Obama administrasiyasını qətnamənin qarşısını almağa çağırıb.
Ankara habelə Vaşinqtona PKK və digər terror təşkilarlatı ilə mübarizədə güclü əməkdaşlıq təklif edir.
Bir aya yaxındır ki, Türkiyənin xarici siyasətinə başçılıq edən nazir Əhməd Davudoğlu isə hesab edir ki, ümumiyyətlə, ölkəsi ilə ABŞ arasında uzunmüddətli müştərək siyasi kurs formalaşmalıdır.
Belə ki, iki ölkəni maraqlandıran bir çox məsələlər var ki, onlar qarşılıqlı münasibətlərə də təsir edir. Davudoğlu Amerikaya xitabən deyib ki, təkcə güc tətbiq etməklə, dünyanı idarə etmək olmaz, belə ki, qlobal problemlər beynəlxalq təşkilatlarla birlikdə müzakirə olunaraq çözülməlidir.
Davudoğlu deyib ki, Amerikanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən Türkiyəyə ehtiyacı var.
Türkiyənin baş diplomatı diqqəti ona yönəldir ki, önun ölkəsi də güclü orduya malikdir amma dünyanın rəğbətini yalnız ordu ilə yox, yumşaq güclə də qaszanmaq mümkündür. O deyib ki, ABŞ-la Türkiyə dünyada sabitlik naminə birlikdə çalışa bilərlər.