Accessibility links

İranda nümayişlərin 4-cü günü


İranın Nəzarət Şurası bildirib ki, keçən həftənin cümə günü keçirilən prezident seçkilərində mübahisəli seçki qutularındakı səsləri yenidən hesablamağa hazırlaşır. Dini lider Ayətulla Əli Xameneyi İslam Nəzarət Şurasına seçkilərdə pozuntulara yol verildiyinə dair iddiaların araşdırılmasına göstəriş verib. Ancaq məğlubiyyətə uğramış islahatçı namizəd Mir Hüseyn Musəvi isə seçkilərin nəticələrinin ləğvinə çağırır. Musəvi və onun idarə heyəti Nəzarət Şurası ilə iyunun 12-də keçirilən seçkilərdə verilən səslərin yenidən hesablanması yollarını müzakirə edib. Nəzarət Şurası daha əvvəl bildirib ki, saxtakarlıq ittihamları fonunda səslərin müəyyən hissəsi - əsasən prezident Mahmud Əhmədinejadın böyük üsünlüklə qələbə çaldığı bölgələrdə yenidən hesablanacaq. Yenidən hesablanacaq səslərin miqdarı isə bildirilmir.

Nəzarət Şurasının lideri Ayətulla Əhməd Cənnəti hökumət telekanalında qrupun seçkilərin yenidən nəzərdən keçirilməsinə hazır olduğuna işarə edir: "Vəzifə borcumuz bizi buna əməl etməyə vadar edir və ali dini lider Əli Xameneyinin seçkiləri araşdırmaq göstərişini qəbul edəcəyik.". Əl Ərəbiyyə telekanalının məlumatında deyilir ki, cənab Musəvi bu gün səhər Ayətulla Cənnəti ilə görüşüb. Dünən axşam və bu gün nümayişçilər etiraz əlaməti olaraq hökumət binalarının önündə avtomobillərinin siqnallarını səsləndirir, bütün şəhər boyu zibil qutularını yandırıblar.

Tehranda cərəyan edən hadisələrə reaksiya verən ABŞ prezidenti Barak Obama deyib ki, İranın gələcəyini müəyyən etmək İran xalqından asılıdır. Cənab Obama bununla belə qeyd edib ki, seçkilərdən sonra İranda baş verən iğtişaşlar onu narahat edib və o, qan tökülməsinə son qoyulmasını istəyir.

ABŞ prezidentinin sözlərinə görə, nümayişçilərin saxtalaşdırıldığına inandıqları seçki nəticələrinə etiraz etdikləri bir zaman o, İran küçələrində gördüyü zorakılıqlardan narahatlıq hissi keçirib: "Son bir neçə gündür televiziyada gördüklərimiz qarşısında sakit qalmağım düzgün olmazdı. İran xalqı bilməlidir ki, onların səsinin əhəmiyyəti var və daha çox qan tökülmədən seçki saxtakarlığı barədə iddiaların araşdırılması istiqamətində addımlar atılmalıdır".

ABŞ prezidenti söyləyib ki, demokratik proses, söz azadlığı, insanların dinc yolla narazılıqlarını bildirmə hüquqları universal dəyərlərdir və onlara hörmət edilməlidir.

Barak Obama müxbirlərlə söhbəti zamanı deyib ki, İranda seçkiləri müşahidə imkanı olmadığına görə, ABŞ üçün seçkilərin necə keçirildiyi barədə fikir bildirmək çətindir. O, habelə qeyd edib ki, İranın rəhbərlərinin kim olacağını müəyyən etmək iranlıların işidir: " Orda nə bizim müşahidəçilərimiz, nə də beynəlxalq müşahidəçilər olub, buna görə də mən seçkilərdə nələrin baş verdiyini əminliklə deyə bilmərəm. Onu deyə bilərəm ki, İran xalqı olduqca ümidliydi, fəallıq göstərirdi və demokratiya üçün öhdəlik götürmüşdü və indi isə aldadıldığını hiss edir."

Prezident Obama seçkilərdə əsas namizədlərin adlarını çəkməsə də, nümayişçilərə müraciət edib. "Mən siyasi proses üçün böyük ümidlər bəsləyən və enerji sərf edən insanlara demək istərdim ki, sonda seçkinin nəticələrinin nə olacağından asılı olmayaraq dünya hazırda baş verənləri izləyir"-deyə Ağ Ev sahibi bildirib. ABŞ prezidenti İran rəhbərliyi ilə dialoq barədə mövqeyinin dəyişmədiyini də dilə gətirib.
XS
SM
MD
LG