İran
dövlət mətbuatının məlumatına görə, İranın Nəzarət Şurası keçən həftənin cümə
günü keçirilən prezident seçkilərində mübahisəli seçki qutularındakı səsləri
yenidən hesablamağa hazırlaşır. Səslərin müəyyən hissəsinin yenidən
hesablanması xəbəri Tehranda zorakılıqlarında qeydə alındığı nümayişlərdən
sonra yayılıb. Seçkilərdə məğlub olmuş islahatçı namizəd Mir Hüseyn Musəvi dünən
Tehranda yüz minlərlə tərəfdarlarını çərşənbə axşamı meydana toplaşmamağa
çağırıb. O deyib ki, hökumət tərəfdarı nümayişçilərlə toqquşma olmasını istəmir.
İran dövlət mətbuatının bildirdiyinə görə, dünən
Musəvi tərəfdarları hökumət yönümlü hərbi qruplaşma Bəsicin Tehrandakı baş qərargahına
hücum edən zaman 7 nəfər həlak olub. Şahidlər deyir ki, silahlılar nümayişçilərə
atəş açıb. İran hökuməti bu gün bütün xarici jurnalistlərin reportaj hazırlamağa qadağa qoyub.