Accessibility links

Səid Purheydər: “Azərbaycanlılar yaşayan vilayətlərdə də etiraz aksiyaları keçirilir” (audio)


İranda 12 iyun prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyalarında Mahmud Əhmədinejadın seçkilərdə qalib elan olunmasına qəzəblənənlər və Mir Hüseyn Musəvinin tərəfdarları iştirak edib.Cənab Musəvinin seçki kampaniyasının fəallarından Tehrandakı Etimadı Milli qəzetinin müxbiri Səid Purheydərin sözlərinə görə, seçkilərin münaqişələrə səbəb olan nəticəsi elan ediləndən sonra saxtakarlığa yol verildiyinə inanan Musəvi tərəfdarları və başqaları nümayişlərəbaşladılar.

Cənab Purheydərin sözlərinə görə, bu hadisədən 2-3 gün sonra Mir Hüseyn Musəvi tərəfdarlarını sakitliyə və dinc nümayişlərə çağırdı. O deyir ki, Tehranda milyonlarla insanın aksiyalara qoşulmasının şahidi oluruq. Musəvinin seçki kampaniyasının fəalı iyunun 18-də keçirilən nümayişi İran tarixində görünməmiş bir aksiya kimi qiymətləndirir.

Səid Purheydərin sözlərinə görə, insanlar ümidvardı ki, hakimiyyət toplaşan insanları görüb, xalqın iradəsi və istəyini nəzərə alacaq, seçkilərin nəticələrini ləğv edərək, azad və ədalətli şəkildə yenidən seçki keçirəcək. O, Tehran əhalisinin əksəriyyətinin seçkilərin saxtalaşdırıldığına inandığının bildirir. “Bu insanlar seçkilərin doğru nəticələrini görməyincə nümayişləri davam etdirəcək”-deyə o bildirir.

İranda nümayişlərin təşkilatçılığından danışan cənab Purheydər bütün telekommunikasiya vasitələrinə qadağalar qoyulduğunu, telefon və mesaj sisteminin kəsildiyini, qəzetlərə senzura tətbiq olunduğunu, bəzi qəzetlərin səhifələrinin hətta boş çıxdığını vurğulayıb. O deyir ki, ölkədə İnternetin sürəti zəiflədilib, veb saytlara filterlər yerləşdirilib. Səid PurHeydər deyir ki, bütün bu məhdudiyyətlərə baxmayaraq, etiraz aksiyalarının təşkili barədə məlumat dildən-dilə və yaxud öncəki gün keçirilmiş nümayişlər zamanı elan edilməklə yayılır. Etimadı Melli qəzetinin müxbiri bildirir ki, Tehranla yanaşı İranın azərbaycanlılar yaşayan Təbriz, Urmiyə kimi şəhərlərində də nümayişlər qeydə alınıb: “Urmiyadan alının son məlumatlar yaxşı xəbərlər deyil. Eşitmişəm ki, soydaşlarımız şəhid olub. Bu xəbəri nə təsdiq, nə də təkzib edə bilirəm. Cənab Musəvi türk olduğuna görə, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil kimi şəhərlərdə o daha çox səs toplayıb. Seçkidən sonrakı etiraz aksiyaları zamanı isə çoxsaylı dostlarımızı həbs ediblər. Onların hamısı indi zindandadırlar”.

Səid Purheydərin sözlərinə görə, insanlar istədiklərinə nail olana kimi mübarizələrini davam etdirəcəklər.
XS
SM
MD
LG