Accessibility links

Əhməd Obalı: Bu hadisələr bir daha göstərir ki, bu rejimin nüvə sahibi olmasına imkan vermək olmaz


Bu günlər dünya ictimaiyyətinin diqqəti İranda baş verən hadisələrə yönəldiyi vaxt İranın özündə nümayiş iştirakçıları və adi vətəndaşlar hadisələri dünyaya çatdırmaq üçün xarici mətbuata üz tuturlar.

Çikaqoda yerləşən Günaz televiziyası da bu son günlər İrandan məlumatlar almağa davam edir.

Şirkərin təsisçisi Əhməd Obalı çətin də olsa insanların, hələ də hadisələrlə bağlı məlumatları çatdırmaq istədiyini qeyd edir.

Sual: Əhməd bəy, bu günlər sizin tamaşaçılarınız, dinləyiciləriniz sizinlə necə əlaqə saxlaya bilir?

Cavab: Çox çətin olub əlaqələr. Həm telefonlara çox məhdudiyyətlər var, məntəqələrdə telefonlar kəsilibdir. E-mailləri kəsiblər çox yerlərdə. İndi bir yol qalıbdır, Facebook-la və Twitter-lə. Bir də rabitə qurmaq üçün yaxın ölkələrdən hətta gedib bizə zəng edənlər var.


Sual: Əhməd bəy, adətən sizə zəng edəndə, əlaqə saxlamaq istəyəndə hansı məlumatları verirlər.


Cavab: Ümumiyyətlə, İranda olan hadisələrdir. Aərbaycan bölgəsindən daha çox məlumatlar gəlir. Amma son 2-3 gün ərzində bir daha çox Tehrandan məlumatları alırıq. Neçə gündür məsələn, 5 saatlıq, 6 saatlıq dəyirmi masalarımız olur. Amma hələ də içəridən çox çətin yolla, onu necə edirlər mən özüm də tapa bilməmişəm, amma zəng edə bilənlər var.

Sual:Əhməd bəy, bəs sizin proqramlarınız ora necə gedib çatır, çünki xarici medianın İran ərazisində yayımlanmasın kəskin məhdudiyyətlər qoyulub.


Cavab: İrana çoxlu satellitlərdən, peyklərdən verilişlər gedir və İran əvvəl Hotbirddən gedən peyklərə məhdudiyyətlər qoydu. Amma bizimki Telestar və Amos-dan olduğu üçün , bunlar qərbə doğru peyklər olduğu üçün məhdudiyyəti az qoya bilir. Bizim bildiyimizə görə, Telestar 12-yə heç mane ola bilmir. Ona görə də BBC-ni oradan çıxardılar və Telestar 12-yə gəldi, bir də Telsat 36-ya.

Sual: Əhməd bəy, siz bir neçə ildir Günaz televiziyası vasitəsilə İranda olan hadisələri işəqlandırırsınız və oradan məlumatları alırsınız. Sizin özünüzün müşahidəsinə görə bu seçkilər nəyi göstərdi.


Cavab: Millər bu gedişatdan rahat deyil, razı deyil. Bu beş il ərzində biz daha çox Azərbaycanın başına glən bəlalardan danışmışıq. Amma ümumiyyətlə İranın hər yerinə, xüsusilə Azərbaycan və Tehrana baxanda, burada bəllidi ki, millət razı deyil bu məsələdən. Yəni rejimin, İran dövlətinin apardığı siyasət millətin əksəriyyətini qane eləmir. Millətin həm azadlıq cəhətindən, həm iqtisadi cəhətdən, həm də dövlətlə millətin rabitəsində narahatçılıqları çox-çox aydındır. Getdikcə bu, dərinləşir və gələcək İran hakimiyyəti üçün bir az da qaranlıqlaşır.

Sual: Əhməd bəy, bir sual da vermək istəyirəm. Son hadisələr dünya ictimiayyətinin diqqətini bir daha İrana yönəltdi. Bundan öncə əgər söhbət İranın nüvə proqramından gedirdisə, bir qədər media azadlığı məsələsinə diqqət verilirdisə, indi İranın daxilində olan prosesləri dünyada milyonlarla insan izləyə bilir, o cümlədən, Amerikada. Çikaqoda amerikalılar arasında, Amerika ictimaiyyətinin İran hadisələrinə marağı nə dərəcədə artdı və maraq varmı?

Cavab: Maraq çox vardır. Bizdən də soruşan var, Çikaqodakı qəzetçilərdən də bizə müraciətlər olubdur. Ümumiyyətlə, dünya dövlətləri İranda gedən hadisələri, İranın dövlətlə milləti arasında rabitədən çox xəbərləri var idi. Məsələn, 2006-da may hadisələri zamanı güney Azərbaycanında o qədər ağır, gərgin vəziyyət oldu, onlarca insan şəhid oldu. Amma təəssüf ki, dünyada bu, o qədər səs sala bilmədi. O demək deyil ki, dövlətlərin xəbəri yox idi. Amma bu hadisələr Tehranda oldu və Tehrandakı xarici müxbirlərin xəbərləri yayması dünyada mətbuat vasitəsilə öz dövlətlərini millət tərəfindən məcbur etdi ki, reaksiya bildirsinlər. Yəni artq biz televiziyada baxırıq, CNN-də, BBC-də, hər hansı bir televiziyada millət baxır ki, İranda nələr olur və dövlətlər də məcburdurlar millətin etirazını nəzərə alıb İrana qarşı, rejimə qarşı və bu cinayətlərə qarşı öz mövqelərini bildirələr. Bu, bir daha göstərir ki, bu tipli cinayətkar rejimə ki, öz millətinə də rəhm etmir, heç vaxt icazə vermək olmaz ki, nüvə sahibi olsun. Çünki bu rejim nüvə sahibi olursa, öz millətinə rəhm etməyən heç kəsə rəhm etməz.

XS
SM
MD
LG