ABŞ dövlət katibinin müşaviri və Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bu həftənin cümə günü Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin təkbətək və Misnk qrupunun üzvləri ilə Paris görüşü zamanı iki ölkə prezidentinin iyun ayının 4-də Sankt-Peterburqda keçirdikləri görüşdə əldə etdikləri nailiyyətlərin dərinləşdiriləcəyinə ümid bəslədiyini deyib.
Amerikanın səsinə müsahibəsi zamanı cənab Brayza 10-12 baza prinsipi üzərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulan iş cədvəlinin yekunlaşdırılmasına çalışılacağını deyib. Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza prezident Əliyev və prezident Sarkisyanın bu prinsiplərin bəziləri ilə bağlı razılığa gədiklərini deyib və bu sahədə daha artıq inkişafa nail olunacağına ümid bəslədiyini bəyan edib. O, ilin sonunadək prezidentlərin baza prinsipləri ilə bağlı ortaq məxrəcə gələcəklərinə dair ümidlərin mövcud olduğunu bildirib. Metyu Brayza Azərbaycan və Ermənistanın xarici işlər nazirilərinin Paris görüşünün buna yola aça biləcəyini deyib.
Azərbaycan rəsmilərinin Türkiyə Ermənistan yaxınlaşmasına,Türkiyə -Ermənistan sərhədlərinin açılmasına Azərbaycan ərazilərinin işğalından daha çox üstünlük verildiyinə dair narahatlıqlarına gəldikdə isə cənab Brayza ABŞ-ın bu iki məsələnin ayrı-ayrılıqda həllini nəzərdə tutduğunu deyib. Mətyu Brayza bildirib ki, Türkiyə ilə Ermənistanın normal əlaqələrə malik olması və nəhayət sərhədlərin açılması Amerikanın çoxdankı siyasətidir. O, bu nəticələrin hər iki ölkənin də mənafeyinə xidmət edəcəyini, ölkələr arasındakı dərin tarixi yaraların sağalmasına, regional sabitliyə, rifah halının yaxşılaşması və sülhün bərqərar edilməsinə yol açacağını deyib. Metyu Brayza Amerikanın Azərbaycanın narahatlıqlarını dərk etdiyini, lakin məsələnin müxtəlif şəkildə dəyərləndirildiyini bildirib. O, Tükyiə-Ermənistan münasibətlərinin normallaşması ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrdə daha konstruktiv rol oynayacağını bildirib. ABŞ dövlət katibinin müşaviri deyib ki, Ermənistan küncə dirəndikcə müqavimətini artırır.
Biz inanırıq ki, normal münasibətlər Ermənistanın mövqeyini yumşalda bilər. Lakin hazırkı anda sərhədlərin açılması qarşıya məqsəd qoyulmayıb, indi iş cədvəsi, atılacaq addımlar müzakirə mövzusudur-deyə Metyu Brayza bildirib. Sərhədlərin açılması gələcəyin işidir. İndi hansı məsələnin önə çəkilib-çəkilməməsindən danışmağın faydası yoxdur. Məqsəd Dağlıq Qarabağ müzakirələrində mühüm irəliləyiş əldə edilməsidir-deyə o bildirib.