Accessibility links

Musəvi tərəfdarlarını təmkinli olmağa və hər hansı qarşıdurmadan çəkinməyə çağırıb


İran müxalifətinin lideri Mir Hüseyn Musəvi seçkilərdə qələbəsi elan olunmuş prezident Mahmud Əhmədinejadın əleyhinə davam edən etiraz nümayişlərinə dəstək məqsədilə bəyanatla çıxış edib.

Özünün internet saytında dünən yaydığı bəyanatında Musəvi deyib ki, iranlıların onun təbirincə, yalan və saxtakarlığa etiraz etmələri onların haqqıdır.

Ancaq o, tərəfdarlarını təmkinli olmağa və hər hansı qarşıdurmadan çəkinməyə çağırıb.

Şahidlərin dediyinə görə, dünən axşamtərəfi Musəvinin tərəfdarları Tehranda damlara çıxaraq, hökumətə qarşı şuarar bağırıblar.

Şənbə günü baş vermiş qanlı toqquşmalardan sonra polis və təhlükəsizlik qüvvələri Tehran küçələrində keşik çəkməyə başlayıblar.

İranın dövlət televiziyasının bildirdiyinə görə, şənbəgünkü qarşıdurmalarda azı 10 adam həyatını itirib. Bununla rəsmi rəqəmlərə görə nümayişlərin başladığı gündən indiyə qədər ölənlərin sayı azı 17-yə çatıb.

Ancaq hökumətin müstəqil mediaya tətbiq etdiyi məhdudiyyətlər üzündən baş verənlər barədə dəqiq təsdiqlənmiş məlumaq almaq mümkün deyil.

Misal üçün dünən Tehranda irimiqyaslı nümayiş keçirilməsi barədə xəbərlər müstəqil mənbələr tərəfindən təstiq edilə bilməyib.

Dini lider Ayətullah Əli Xameneyinin iyunun 12-də keçirilmiş seçkilərə qarşı nümayişlərin dayanması barədə xəbərdarlıqlarına baxmayaraq, şənbə günü minlərlə adam nümayişlərdə iştirak edib polis onlara qarşı gözyaşardığı qaz, təzyiqli su və dəyənəklərdən istifadə edib.

Bu arada isə, İran mətbuatı ölkənin sabiq prezidenti Haşimi Rəfsəncaninin qızı da daxil olmaqla, 4 ailə üzvünün aksiyalar zamanı saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını xəbər verir.

Dövlət mətbuatı habelə parlament spikeri Əli Laricaninin nümayişlərlə bağlı açıqlamalarından sitat gətirir. Cənab Laricani seçki nəticələrinə yenidən baxılmasını tələb edənlərin fikirlərinə hörmətlə yanaşılmasının gərəkdiyini bildirib.

O deyib ki, seçkilərə nəzarət edən Ali Nəzarət Şurası bu iddiaları yaxından araşdırmalıdır.

Ancaq cənab Laricani onu da deyib ki, seçkilərin nəticələrinə yenidən baxılmasını tələb edənlərlə küçələrdə iğtişaş yaradanlar arasında fərq var.

Bu arada, Britaniyanın Chatham House təşkilatı və Saint Andrews Universitetinin İran Araşdırmaları mərkəzi İrandakı seçkilərlə bağlı birgə analizini yayıb.

Hər iki təşkilat bildirir ki, ölkənin qatı mühafizəkar vilayətləri olan Mazandəran və Yəzddə hesablanan səslərin sayı buralarda səsvermə hüququ olanların sayını ötür.

Müəlliflər habelə diqqəti ona yönəldirlər ki, rəsmi açıqlamalara görə, bu seçkilərdə Əhmədinejad, 2005-ci ildə islahatçı namizədləri dəsdəkləyən seçicilərin 47,5 faizinin səsini alıb. Buna görə də araşdırma müəllifləri hazırda elan olunmuş rəsmi nəticələri qeyri-mümkün hesab edirlər.

XS
SM
MD
LG