Accessibility links

Metyu Brayza: ‘ABŞ Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini heç zaman tanımayacaq’


Obama administrasiyası bir daha Tbilisini əmin edir ki, onun Moskva ilə münasibətlərini inkişaf etdirməsi Gürcüstanın və digər region ölkələrinin bahasına başa gəlmir.

Buş administrasiyasının son günlərində o vaxtkı dövlət katibi Kondaliza Raysla Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-ın Gürcüstana yardımlarını nəzərdə tutan ikitərəfli müttəfiqlik sazişi imzalamışdılar.

Vaşadze iki ölkə arasında müdafiə, təhlükəzilik, demokratiya və iqtisadi əməkdaşlığa dair işçi qrupunun fəaliyyəti də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı müzakirə və ikitərəfli komissiyanın görüşündə iştirak etmək üçün dünən yenidən Vaşinqtona qayıdıb.

O, bu il yanvarın 9-da imzalanmış müttəfiqlik anlaşmasını Gürcüstan üçün olduqca mühüm sənəd adlandırıb.

Dövlət katibi Hillari Klinton ötən həftə dirsəyindən zədələndiyinə görə, Gürcüstan nümayəndə heyəti ilə danışıqlarda onu müavini Ceyms Steynberq təmsil edirdi.

Steynberq ABŞ-ın Gürcütanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edərək, ölkənin NATO-ya üzvlüyü istiqamətində Vaşinqtonun baxışlarını təkrarlayıb.

O habelə deyib ki, Obama Administrasiyası Moskva ilə istifadə müddəti il sonunda bitən strateji silahların ixtisarına dair anlaşmanın yenilənməsi də daxil olmaqla yaxşı münasibət qurmağa çalışır, amma bu, Gürcüstanın hesabına başa gəlməyəcək.

Dövlət katibinin müavini əmin olduğunu deyib ki, əgər Vaşinqton Moskva ilə münasibətlərin yaxşılaşmasına nail ola bilsə, bu, Gürcüstan kimi ölkələrin təhlükəsizliyinə və mənafeyinə xidmət edəcək.

Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlər ötən il ikincinin Gürcüstanla müharibəsi və separatçı Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra korlanıb. Vaşinqton Moskvanın bu addımlarını tənqid edib.

Bu günlərdə xidmətimizə müsahibə verən ABŞ dövlət katibinin müşaviri Metyu Brayza isə bir daha bəyan edib ki, ABŞ Gürcüstanın separatçı bölgələrinin müstəqilliyini heç zaman tanımayacaq.

Cənab Brayza deyir ki, ABŞ-ın bu sahədə mövqeyi dəyişməz olaraq qalır. Amerika vaxtı ilə 3 Baltikyanı ölkəni Sovet İttifaqının tərkibində tanımadığı kimi, indi də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq fikrindən uzaqdır.

Bu arada isə Ağ Evin məlumatına görə, prezident Obamanın Rusiyaya planlaşdırılan səfərindən sonra vitse-prezident Co Bayden gələn ayın sonlarında Gürcüstan və Ukraynaya səfər edəcək.

ABŞ-ın ikinci adamının Gürcüstanın hökumət və müxalifət liderləri ilə görüşəcəyi və Vaşinqtonun bu ölkənin demoktatik və iqtisadi islahatlarına dəstəyini nümayiş etdirəcəyi bildirilir.

XS
SM
MD
LG