Accessibility links

Barak Obama Moskvada Ukrayna ilə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi


Rusiya paytaxtına ilk rəsmi səfərinin sonuncu günündə ABŞ prezidenti Barak Obama vurğulayıb ki, ölkəsi güclü, dinc və çiçəklənən Rusiyanı istəyir.

Amerika liderinin bugünkü çoxsaylı görüşləri sırasında ən diqqət çəkəni bir çox analitiklərin Rusiyanın ən güclü adamı adlandırdığı sabiq prezident, indiki baş nazir Vladimir Putinlə ikisaatlıq dialoqu olub. Bu iki siyasətçinin indiyədək ilk görüşü idi.

Obama deyib ki, ola bilsin tərəflər bütün məsələlərdə razılaşmasınlar. Amma liderlər bir birlərinə qarşılıqlı hörmət, Rusiya və Amerika xalqlarının maraqları nöqteyi nəzərindən yanaşaraq müzakirələr apara bilərlər.

Rusiyanın yarı rəsmi İtar-Tass agentliyi diqqəti ona yönəldir ki, Obama-Putin dialoqu planlaşdırıldığından yarım saat çox çəkib. Putin görüşü bu sözlərlə başlayıb ki, Rusiya-Amerika münasibətləri tarixən müxtəlif rənglərlə boyanıb - dirçəliş vaxtı da olub, adi günlər də olub, ağır günlər də.

İndi isə Moskvada ümid edirlər ki, Obamanın adı ilə bu münasibətlər yeni məcraya qədəm qoyacaq.

İki liderin danışıqlarının əsas hissəsi bağlı qapılar arxasında keçib. Amma Rusiya mətbuatı yazır ki, görüşdə söhbət Gürcüstan, Ukrayna haqda və ümumən postsovet məkanı barədə gedib. Tərəflər habelə raket əleyhinə sistem məsələsini müzakirə ediblər.

Liderlərin nə kimi razılıqlara gəldikləri məlum olmasa da, Obama ölkəsinin bir çox məsələlərlə bağlı baxışlarını daha sonra Moskvadakı Yeni İqtisadi Məktəbin məzunları qarşısındakı çıxışında səsləndirib.

Amerika prezidenti bəyan edib ki, dövlətlər öz liderlərini seçdikləri kimi onların sabit sərhədləri və müstəqil xarici siyasəti olmalıdır. Onun sözlərinə görə, bu prinsiplər bütün ölkələrə şamil edilməlidir və Ukraynayla Gürcüstan da bu ölkələr arasındadır.

Obama daha sonra Rusiya ilə münasibətlərə toxunub. O deyib ki, köhnə vaxtlardakı yanaşmanı buraxıb yeni münasibətlər qurmaq lazımdır. Onun sözlərinə görə, birinin uğuru başqasının məğlubiyyətidir yanaşması kənarda qoyulmalıdır, bu baxımdan o, Amerikanın güclü Rusiyada maraqlı olmasını bəyan edib.

Ümumilikdə isə, Amerika lideri Rusiya rəhbərləri ilə ikigünlük danışıqlarını və bu ölkəyə səfərini uğurlu adlandırıb.

XS
SM
MD
LG