Accessibility links

İranın nüvə proqramının yeni rəhbəri Qərblə ölkəsi arasında düşmənçiliyə son qoyulmasını istəyir


İranın dövlət telekanalının məlumatına görə, ölkənin yeni nüvə proqramının rəhbəri vəzifəsinə yenicə təyin olunmuş Əli Əkbər Salehi Qərblə ölkəsi arasında 6 illik düşmənçiliyə son qoyulmasına və qarşılıqlı etimadın bərqərar olmasına çağırır.

Cənab Salehi deyib ki, İranın nüvə proqramı ətrafında texniki və hüquqi müzakirələr artıq başa çatıb və bu məsələni açıq saxlamağın yeri yoxdur.

Salehi habelə əlavə edir ki, Qərb İranla yaşadığı son 6 illik gərginliyin ardından indi tərəflər arasında qarşılıqlı inamın formalaşması üçün daha artıq səy göstərəcək.

Bu, cümə günü prezident Mahmud Əhmədinejad tərəfindən bu vəzifəyə təyin olunmuş Salehinin mediaya ilk açıqlamaları olub. O, İranın nüvə proqramının rəhbəri postunda veteran nüvə müzakirəçisi Gulam Reza Ağazadəni əvəz edir.

Salehi Amerikanın Beyrut Universiteti və Massaçusets Texnologiya İnstitutunun məzunudur. Yeni vəzifəyə təyin olunmazdan əvvəl, o, İranı Beynəlxaq Atom Enerjisi Agentliyində təmsil edib və ölkənin nüvə obyektlərinin müstəqil təhqiqatına dair protokola imza atıb.

Onun hazırkı təyinatı İranın Birləşmiş Ştatlara doğru müəyyən bir jest təsiri bağışlayır. ABŞ prezidenti Barak Obama ötən həftə Böyük Səkkizliyin sammitində İrana beynəlxalq birliyin nüvə proqramı məsələsində BMT-nin qərarlarını yerinə yetirməsi üçün bu ölkəyə sentyabr ayına qədər vaxt verməsi barədə xəbərdarlıq göndərmişdi.

Tehran Qərbin çağırışlarına rəğmən, uranın zənginləşdirilməsinə son qoymaqdan imtina edir. Qərb isə guman edir ki, Tehranın bu fəaliyyəti nüvə sulahının yaradılmasına yönəlib.

Təl-Əvivdə yerləşən Yaxın şərq üzrə İqtisadi və Siyasi Təhqiqat Mərkəzi –MEEPAS-ın analitiki Meyr Cavedanfar hesab edir ki, Tehran özünün nüvə proqramı ilə bağlı mövqeyini son vaxtlar daha da sərtləşdirib, xüsusilə də, bu ölkədə iyunun 12-də keçirilmiş prezident seçkilərinə və eləcə də seçkisonrası insanlara qarşı edilən hücumlara Qərbin tənqidlərindən sonra.

Cavedanfar deyir ki, dini lider Ayətulla Xameneyi nüvə proqramı məsələsinin Qərb üçün, xüsusilə də prezident Obama üçün nə dərəcədə vacib olduğunu bildirdiyinə görə, belə bir mesaj göndərir ki, başqa cəbhələrdə nə qədər çox sıxılsaq, bir o qədər nüvə proqramı məsələsində balansı öz xeyrimizə dəyişmiş olacağıq.

Buna görə də, ekspertə görə, İrana qarşı təzyiqlərə bu ölkə əks reaksiya göstərir.

Ötən həftə İranın xarici işlər naziri Manuçehr Mottəki ölkəsinin nüvə proqramına dair Qərblə müzakirələr üçün yeni paket hazırladığını və bunun tezliklə təqdim olunacağını açıqlamışdı.


XS
SM
MD
LG