Accessibility links

Rusiya ABŞ-a görə İranı nüvə silahından çəkindirə bilərmi?


İranın nüvə ambisiyaları bu yaxınlarda Moskvada keçirilmiş ABŞ və Rusiya prezidentlərinin birgə sammitində müzakirə edilib.

Birləşmiş Ştatlarda və Avropa Birliyində belə inam var ki, İranın uranı zənginləşdirmək proqramı nüvə silahı yaratmağa hesablanıb.

Tehran isə deyir ki, o bu proqramını sülh məqsədli tədbirlər üçün, məsələn, elektrik enerjisi hazırlamaq niyyətilə həyata keçirir.

Buş Administrasiyası İran kimi ölkələrdən gələ biləcək potensial təhlükələrə qarşı Polşa və Çexiyada raketdən müdafiə sipəri quraşdırmağı təklif etmişdi.

Lakin prezident Obama və onun administrasiyası bu təklifə ehtiyatlı yanaşma nümayiş etdirir və layihə hələ ki, nəzərdən keçirilir.

Rusiya rəsmiləri isə Vaşinqtonun planını Rusiyanın maraqlarına hədə sayaraq, onu ciddi tənqid edirlər və ABŞ-ı bu layihəyə yenidən baxmağa çağırırlar. Moskva habelə Vaşinqtonun Şərqi Avropada quraşdırmaq istədiyi müdafiə sipərinə qlobal raketdən müdafiə sisteminin yaradılması istiqamətində ilk addım kimi baxır. Həm bu məsələ, həm də İranın nüvə proqramı prezidentlər Barak Obama və Dmitri Medvedevin bu yaxınlarda Moskvada keçirdikləri görüşün əsas mövzularından idi. Ancaq prezidentlər öz müzakirələrinin məğzi barədə o qədər də geniş açıqlama vermədilər. İki ölkə arasında fikir ayrılıqlarının təməl səbəblərindən biri də Rusiyanın İranı ABŞ-ın düşündüyündən daha az təhlükəli saymasıdır.

Minnoseta Universitetinin analitiki Stiv Andrizn hesab edir ki, Moskva sammitinin yekun sənədləri göstərir ki, İran məsələsi iki prezident arasında müzakirə edilən əsas mövzulardan olub. Andriznə görə, Moskva sammitində prezidentlərin raketdən müdafiə ilə əlaqədar birgə bəyanatına nəzər saldıqda, bu, açıq görünür. Belə ki, dövlət başçıları istənilən ölkələrin nəzarətsiz nüvə silahı potensialının regional və beynəlxalq stabilliyə hədə yarada biləcəyini qeyd edirlər. Bəyanatda konkret ad çəkilməsə də, hazırda bu cür ölkələrin Şimali Koreya və İran olduğu hamıya məlumdur.

Bir çox ekspertlər deyirlər ki, İranın nüvə ambisiyalarından çəkilməsi Rusiyanın bu ölkəyə nə dərəcədə təsir göstərməsindən də asılı ola bilər. İqtisadi müstəvidə Rusiya İranın ən iri ticarət müttəfiqlərindən biridir. Moskva Tehrana Buşəhr nüvə stansiyasının tikintisində yardım edir.

ABŞ dövlət katibinin sabiq müavini, hazırda Cerman Marşall fondunda çalışan David Kramer yada salır ki, bir neçə il əvvəl İranla Rusiya raket əleyhinə müsafiə sistemləri üçün istifadə olunan S-300 mərmilərinin satışına dair saziş imzalamışdılar.

Kramer deyir ki, o ilk növbədə bu raketlərin iranlılara ötürülməsi ehtimalından narahatdır. Müqavilə imzalanandan bəri bu hələ baş verməyib, amma ehtimal var ki, Rusiya tərəfi sazişi yerinə yetirəcək. Kramer deyir ki, əgər raket mərmiləri İrana ötürülsə, o zaman Tehranın ondan İsrailə qarşı istifadə edəcəyinə dair narahatlıqlar var. Bu isə Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək.

Diplomatik müstəvidə isə Rusiya azı Çin qədər, İranın güclü müttəfiqidir. Bu iki ölkə BMT Təhlükəsizlik Şurasında demək olar ki eyni rolu icra edirlər. Sabiq müdafiə naziri Vilyam Koeni də narahat edən elə budur. Ancaq Koen deyir ki, İran BMT Təhlükəsizlik Şurasında azı bu iki ölkənin səsinə arxalanır. Bu isə problemin diplomatik müstəvidə həllinə əsas əngəllərdəndir. Koenin fikrincə, Rusiya İranın nüvə silahı proqramının qarşısını ala bilər.

Sabiq nazirdən fərqli olaraq, David Kramer isə hesab edir ki, Rusiyanın İran üzərində nüfuzu məhduddur. Kramer əlavə edir ki, Rusiyanın İranla bağlı başqa maraqları var və Moskva çətin ki, bunlardan vaz keçsin.

XS
SM
MD
LG