Pakistan rəsmiləri Svat vadisində militantlarla sülh razılığının əldə olunmasında vasitəçilik etmiş ruhanini həbs ediblər.
Şimal-Qərb Sərhəd vilayətinin İnformasiya naziri Miyan İftixar Hüseyn polisin Mövlana Sufi Məhəmmədi bu gün Peşəvərdə həbs etdiyini Amerikanın səsinə təsdiq edib. Onun sözlərinə görə, rəsmilər Məhəmmədi militantlara yardəm göstərmək və hökumətin regionda anti-terror səylərinə mane olmaqla zorakılıqları qızışdırmaqda ittiham ediblər.
İnformasiya naziri bildirib ki, Məhəmməd apardığı fəaliyyətlərlə bağlı təhqiqatın nəticələrinə əsasən məhkum ediləcək.
Nüfuzlu ruhani fevral ayında Svat vadisində şəriət qanunlarının təbiqi müqabilində militantların tərksilah edilməsini nəzərdə tutan sülh razılığının əldə edilməsində vasitəçilik etmişdir.
Hökumət və militantlar arasında razılıq aprel ayında yaraqlıların paytaxt İslamabaddan 100 kilometrlik məsafəyə qədər irəlilədiyi vaxt pozulmuşdu. Pakistan ordusu ərazini geri almaq üçün hücumlar həyata keçirmişdir. Döyüşlər nəticəsində 2.5 milyon insane yerlərindən didərgin düşüb.