Accessibility links

Qərbli mütəxəssislər İran-Rusiya yaxınlaşmasını şərh edir


Mehr Xəbər Agentliyinin açıqladığına görə ilk dəfə olaraq Rusiya və iran Xəzər Dənizində birgə hərbi donanma təlimləri keçirəcək. Təlimlərdə 30 Rusiya və İran gəmisinin, habelə helikopterlərin iştirak edəcəyi gözlənilir. İranın limanlar üzrə ali rəsmisi deyib ki, təlimlər iki ölkə arasındakı koordinasiyasını gücləndirəcək.

Asia Times qəzetində son açıqlamanı şərh edən politoloq Kaveh Əfrasiyabi Rusiya ilə İran arasında müşahidə edilən strateji yaxınlaşmadan bəhs edir. “İranla bağlı məsələyə gəldikdə, ola bilsin ki, ABŞ Rusiyaya strateji tərəfdar kimi baxır, lakin Moskva ilə Vaşinqton arasındakı gərginliyin səviyyəsi Rusiya ilə İslam Respublikası arasındakı əməkdaşlığı reallığa çevirməyə kifayət edir,” deyə o, bildirir. “Təhlükəsiz və Təmiz Xəzər üçün Regional Əməkdaşlıq” adlanan təlim enerji məhsulları üzərində rəqabət səhnəsi olan dünyanın ən iri gölündə iki ölkənin maraqlarının müdafiəsinə yönəlib. Bu təlim anti-Qərb mövqeyindən çıxış edən İran-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcına işarədir. Güman etmək olar ki, İranın nüvə proqramı ilə bağlı yaranan gərginlik bu alyansı bir qədər də möhkəmləndirəcək. Əfrasiyabinin yazdığına görə 2002-ci ildə Tehran Rusiyanın ərazidə hərbi manevrinə sərt reaksiya vermişdi və təlimə hərbi müşahidəçi göndərməkdən imtina etmişdi. İndi isə situasiya başqadır. Rusiya regionda ABŞ-ın dəstəklədiyi enerji layihələrinə dərin şübhə ilə yanaşır və Barak Obama administrasiyasının anti-raket sistemi ilə bağlı erkən kompromisə getməməsindən qeyri-məmnundur. İki günük hərbi təlimlər başqa Xəzəryanı dövlətlər - Azərbaycan, Türkmənistan və Qazaxıstan tərəfindən diqqətlə izlənilir. Bu ölkələr, ələlxüsus Azərbaycan, Rusiya ilə İran arasında baş verən yaxınlaşmadan narahatdırlar. Belə ki, Tehranla Bakı arasında Xəzərdəki neft yatağı ilə bağlı münaqişənin izləri hələ də yaddaşlardan silinməyib.

Asia Times qəzetinin başqa müxbiri Robert Katlerin yazdığına görə İran bu yaxınlarda Əlborz adlanan neft buruğunu Xəzərdə quraşdırmaq fikrindədir. İsveç dizaynı əsasında ölkə daxilində istehsal olunan Əlborzun adı İranın üzərinə iddia qoyduğu Azərbaycanın Alov neft yatağına verdiyi adla üst-üstə düşür ki, bu yataqda 4 milyard barrel neftin mövcud olması güman edilir. 2001-ci ilin iyulunda İran hərbi gəmisi British Petroleum şirkətinə məxsus iki araşdırma gəmisini həmin ərazidən qovmuşdu. Tehranın Alov yatağına iddiası yalnız onunla əsaslandırıla bilər ki, İran Xəzər dənizini göl hesab edir və bu dəniz ətraf 5 dövlət arasında hərəyə 20 faiz payla bölüşdürülməlidir. 1991-ci ilədək Xəzərə Dənizinin hüquqi statusunu 1935 və 40-cə illərdə imzalanmış Sovet-İran sazişləri müəyyən edib ki, həmin müqavilələrə əsasən İranın Əlborz adlandırdığı yatağa iddiası ola bilməz. Lakin Sovet İttifaqı çökəndən bəri dənizin statusu ilə bağlı 5 ölkə arasında aparılan danışıqlar nəticə verməyib. Katler hesab edir ki, İranın regional enerji layihələrindən, ələlxüsus da bu yaxınlarda geniş müzakirə olunan NABUKKO layihəsindən uzaqlaşdırılması onun onsuz da konfrontosional mövqeyini bir qədər də sərtləşdirib. Hər halda Əlborz adlı neft buruğunu Xəzərə çıxarması göstərir ki, rəsmi Tehran bu məsələni yaxın günlərdə Azərbaycanla konstruktiv şəkildə müzakirə etmək niyyətində deyil.

XS
SM
MD
LG