İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi bu gün Tehranda keçirilən rəsmi andiçmə mərasimində Mahmud Əhmədinejadın ikinci dəfə prezident seçilməsini formal olaraq təsdiq etdi. Şahidlərin dediyinə görə, bu xəbərdən sonra Tehran meydanında nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Ali ruhani liderin İran prezidenti Mahmud Əhmədinejadın prezidentliyini təsdiq etdiyi mərasim yüzlərlə insanın iştirakı və İran himninin çalınması ilə açıldı. Cənab Əhmədinejadın yenidən prezident vəzifəsini icrası avqust ayının 5-də parlamentdə təsdiq olunmalı və bundan sonrakı iki həftə ərzində özünün yeni kabinetiniaçmalıdır. Lakin Iranın sabiq prezidentləri Məhəmməd Xatəmi və Əkbər Haşemi Rəfsəncani, eləcə də, müxalifətin islahatçı liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi mərasimə qatılmadı. Parlament spikeri Əli Laricani isə yüksək kürsüdə oturmuşdu.
Bundan əvvəl Ayətulla Əli Xameneyi ilə prezident Əhmədinejad arasında sonuncunun qudası olan isfəndiyar Rəhim Maşayenin təyinatı ilə əlaqədar münasibətlərin pisləşdiyi xəbər verilmişdi.
Xatırladaq ki, iyun ayının 12-də keçirlən prezidemt seçkiləri zamanı Mahmud Əhmədinejadın 64% səslə qələbə əldə etməsi haqda xəbərdən sonra minlərlə insan etiraz edərək küçələrdə nümayişlərə çıxdı. Yüzlərlə siyasətçi və nümayişçi İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. Həbs edilənlərdən 100 nəfərdən çoxunun kütləvi məhkəməsi keçən həftənin şənbə günündən başlayıb.