Accessibility links

Sinan Oğan: ‘Putinin Ankaraya səfərindən Azərbaycana da pay düşəcək’



Sabah Rusiya baş naziri Vladimir Putinin Ankaraya birgünlük səfəri başlayır. Kremlin açıqlamasına görə, işgüzar xarakterli səfərin məqsədi iki ölkə arasında genişlənən əlaqələri daha da gücləndirməkdir.

Rusiya Nazirlər Kabinetinin açıqlamasına görə, Vladimir Putinin Ankarada baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gül tərəfindən qəbulu nəzərdə tutulub. Bu, iki ölkə liderləri arasında son zamanlar intensivləşən qarşlıqlı səfərlərin növbəti seriyası hesab olunur.

Bu ilin fevral ayında prezident Abdulla Gül Moskvada dövlət səfərində olub, may ayında isə baş nazir Ərdoğan Soçiyə getmişdi.

Rəsmi açıqlamalarda o da vurğulanır ki, Putinin Ankaraya səfərinin əsas mahiyyəti iqtisadi, ticarət və enerji sahələrində iki ölkənin əlaqələrinə köklənib.

Rusiya ilə Türkiyə enerji sahəsində bir –birilə həm müttəfiq, həm də rəqibdirlər. Belə ki, Türkiyə hazırda qaza olan tələbatının 65 faizini Rusiyadan alır, habelə neftə olan ehtiyacının 30-40 faizinin bu ölkənin hesabına ödəyir.

Hələ 90-ci illərdə Türkiyə Bakı Novorossiysk kəmərinə alternativ sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinda iştirakla, Rusiyanın neft təchizatında rəqibinə çevrilib. İndi isə Nabukko ilə Cənubi Axını qaz kəməri bir-birilə rəqabət təşkil edir.

Bu kəmərin ən uzun yol keçəcəyi ölkə olan Türkiyəyə Rusiya Cənub axınının tikintisində iştirak da təklif edib. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu yaxınlarda Moskvaya səfəri zamanı ölkəsinin Cənub Axınının inşasında əməkdaşlığa hazır olduğunu bildirib. Öz növbəsində Moskva iki ölkə arasında razılıq əldə olunacağı təqdirdə bu əməkdaşlığın mümkünlüyünü deməklə, qismən ehtiyatlı mövqe sərgiləyib.

Regional məsələlərdə də iki ölkənin baxışlarında ciddi fərqlər var. Ancaq son zamanlar Ankara ilə Moskva öz siyasətlərini uzlaşdırmağa çalışırlar. Məsələn, ötən il Rusiya Gürcüstana hücum edəndə, Ankara onu pisləyənlər sırasında idi. Ancaq çox keçmədən Türkiyə Qafqaz Evi platforması ideyasını irəli sürməklə, regional sabitliyin təşəbbüskarına çevrildi.

Ankaradakı TÜRKSAM Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan hesab edir ki, əslində Putini Türkiyəyə aparan bir çox səbəblər var.

Belə ki, qlobal iqtisadi böhran regionda Türkiyədən çox Rusiyaya təsirlər göstərsə də, iki ölkənin ixracatında nəzərəçarpacaq enmə var. İndi Putin Ankarada bu tendensiyanın qarşısını almaq üçün yollar axtaracaq. Ancaq ekspert deyir ki, iqtisadiyyatdan da vacib, bu səfəri zəruriləşdirən enerji məsələsidir. “ortalıqda təkliflər çoxdur, güman ki, liderlər qaz kəmərləri ilə bağlı ortaq anlaşmaya nail ola biləcəklər”.

Sinan Oğan onu da əlavə edib ki, Putunun Türkiyə səfərindən Azərbaycana da “pay düşəcək”. Belə ki, rusiya baş nazirinin Türkiyə rəhbərləri ilə müzakirə edəcəyi məsələlər sırasında Qarabağ problemi də var.

“Rusiya münaqişənin həlli üçün Türkiyədə Azərbaycana təsir etməsini, Türkiyə isə Rusiyadan Ermənistanı yola gətirməsini istəyəcək”, - Ankaradan beynəlxalq məsələlər üzrə təhlilçi Sinan Oğan belə hesab edir.

Bu arada, Rusiya baş nazirinin səfəri ərəfəsində Putinin aparat rəhbərinin müavini Yuri Uşakov deyib ki, Ankara Moskvanın planlaşdırdığı və Mərkəzi Asiya təbii qazının Ukraynadan yan keçməklə Avropaya daşımalı olan Mavi Axın layihəsinə razılıq verib. Sabah iki liderin imzalayacağı sazişlər sırasında bu barədə sənədin də olacağı gözlənilir. Putinin köməkçisi deyib ki, bu razılaşma Türkiyəyə heç bir qaz ticarəti haqqı vermir.

XS
SM
MD
LG