Accessibility links

Qərb mediası Rusiya-Gürcüstan müharibəsinin ildönümü barədə



Qərb mediasında Rusiya ilə Gürcüstan arasında artıq ənənəvi xarakter almış gərginliyin bir il əvvəl necə zirvə nöqtəsinə çataraq, müharibəyə çevrilməsinin səbəblərinə nəzər yetirilir.

Nyu York Times-in müxbirləri Mark Lenzi və Linkoln Mitçel yazırlar ki, bu müharibənin tərəflərdən birinci hansının başladığı hələ də acınacaqlı mübahisələr doğurur.

Müharibənini birinci ildönümü ərəfəsində tərəflər arasında yenidən gərginliyin artması müşahidə olunur. Rusiya Cənubi Osetiyadakı qüvvələrini yüksək hərbi hazırlıq vəziyyətinə gətririb.

Bütün bunlara baxmayaraq, Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Qərb İnformasiya agentliklərinə verdiyi müsahibələrində ötən ilki hərəkətlərinə görə heç də peşmançılıq çəkmədiyini bie neçə dəfə təkrar edib.

Məsələn, BBC-yə müsahibəsində Saakaşvili deyib ki o, ölkəsini parçalanmaqdan qorumaq vəzifəsinin daim həyata keçirəcək.

“Biz müqavimət göstərməliyik ya yox? Yenə üstümüzə gəlsələr nə etməliyik? Biz müqavimət göstərəcəyik” – deyib Gürcüstanın prezidenti.

Saakaşvili habelə müharibənin ildönümündə Washinqton Post qəzetində məqalə ilə çıxış edib. O yazır ki, gürcülər qətiyyən illüziyalarla yaşamırlar ki, Rusiya öz planlarından əl çəkib.

Saakaşvili öz məqaləsində deyir ki, Rusiya hələ də Gürcüstan dövlətçiliyini məhv etməkdə qərarlıdır.

Gürcü lideri Röytersə müsahibəsində isə Qərb ölkələrini tənqid edib ki, onlar öz enerji maraqlarını əsas tutaraq və Rusiyanı qəzəbləndirmək istəmədikləri üçün Rusiyanın Gürcüstana qarşı təcavüzünə sərt reaksiya verməyiblər.

Amma Gürcüstan prezidenti onu da etiraf edir ki, başqa dövlətlərin münaqişəyə cəlb olunması beynəlxalq böhrana gətirib çıxara bilərdi. Buna baxmayaraq, o, daha Qərbin hərbi dəstəyinə arxalanmadığını bildirib və qeyd edib ki, elə 2008-ci ildə də bu yardım gecikmişdi və kifayət qədər olmamışdı.

Saakaşvili Washinqton Postdakı məqaləsində onu da yazır ki, bütün təhlükələrə baxmayaraq Gürcüstan demokratik dövlət quruculuğunu davam etdirir.

Assoşieyted Pressin müxbiri Cim Heynts isə Tbilisidən yazır ki, Gürcüstan və Rusiya arasında ötən il baş vermiş beşgünlük müharibənin ildönümü ərəfəsində acıqlı bəyanatların artması müşahidə edilir. Rusiyanın Müdafiə Nazirliyi bəyanatlarından birində açıq bildirib ki, lazım gələrsə, Gürcüstana qarşı hərbi gücə də əl ata bilər.

Bu kimi hədələrin reallaşması nə dərəcədə mümkündür? Bu suala müxbirin söhbətləşdiyi ekspertlər belə cavab veriblər ki, Moskvanın bəyanatları Gürcüstanda daxili sabitliyə təsir göstərmək məqsədi ilə verilir.

XS
SM
MD
LG