Accessibility links

Mixail Saakaşvili:Beynəlxalq ictimaiyyət bilir ki, bu müharibəni Gürcüstan başlamayıb


Rusiya-Gürcüstan müharibəsinin ildönümü münasibətilə Amerikanın Səsinin Rus xidməti Gürcüstan prezident Mixail Saakaşviliyə İnternet vasisətilə suallar ünvanlayıb.

Sual: Cənab prezident, 2008-ci ildə müharibədən bir il keçir. Siz bu günkü durumu necə qiymətləndirirsiniz?

Prezident Saakaşvili: Gürcüstan keçən il ərzində bərpa olub və indi normal vəziyyətə gayıdır. Doğrudur, keçən il avqust ayında müharibə zamanı rus təcavüzü və etnik təmizləmə, habelə slüh razılığının pozulması nəticəsində bizə ağır zərbə dəydi. Biz də indi dünyanın demək olar ki, bütün ölkələri kimi ciddi iqtisadi problemlərlə mübarizə aparırıq. Lakin indi müharibə zamanı dəymiş zərərin nəticələrinin böyük hissəsi aradan qaldırılıb, bizim Avropa İttifaqında, ABŞ-da və bir çox başqa ölkələrdə dostlarımız ətrafımızda birləşdilər. Biz onlardan ölkəmizin bərpası üçün bizə böyük əl-açıqlığı ilə verdikləri milyardlarla vəsait aldıq, xarici investisiyalar ölkəyə daxil olmağa başlayıb və biz bir sıra yeni demokratik islahatların həyata keçirilməsinə başladıq. Çox şey etməliyik, lakin normal həyata qayıtmaq prosesi artıq başlayıb.

Müharibə bizim daxili siyasətimizə böyük dəyişikliklər gətirdi. Məsələn, biz infrastrukturu bərpa etməli və əvvəllər, 1990-cı illərdə Rusiyanın etnik təmizləmələri nəticəsində artıq mövcud 400 min nəfərə əlavə olaraq, 130 mindən çox yeni məcburi köçkünü yerləşdirməli olduq. Bu humanitar faciə miqyasına görə Bosniyadakı ilə müqayisə edilə bilər, lakin dünyanın ondan xəbəri yoxdur. Amma ən böyük dəyişiklik ondan ibarətdir ki, biz daha açıq demokratiya istiqaməti götürdük, çünki biz hesab edirik ki, bu, bizim hücumdan qoruna bilməyimizə xidmət edəcək, bu, xalqımıza stimul verir və bizim müttəfiqlərimizlə münasibətlərimizi möhkəmlədir. Məhz buna görə mən bu yaxınlarda parlamentin gücləndirilməsi, ədliyyə sisteminin müstəqilliyinin artması, kütləvi informasiya mənbələri və azad və ədalətli olacağını düşündüyümüz seçkilərin daha da açıq olmasını təmin edəcək yeni islahatları açıqladım.

Biz habelə əminik ki, beynəlxalq ictimaiyyət indi bu münaqişəyə nəyin səbəb olduğunu başa düşür. Beynəlxalq ictimaiyyət bilir ki, bu müharibəni Gürcüstan başlamayıb. Bu günə qədər aparılmış bütün müstəqil təhlillər belə bir nəticəyə gəlir ki, Rusiya bu müharibəni əvvəlcədən planlaşdırıb və ona hazırlaşıb, bundan sonra isə gürcü kəndlərinə hücum edərək, Cənubi Osetiyada nəzarət etdiyi hökumətin köməyi ilə ona təhrik etmişdir. Bundan əlavə, şübhə yoxdur ki, Rusiyanın 58-ci ordusu bizim ölkəmizə Gürcüstan tərəfindən heç bir güllə atılmadan daxil olub. İndi Rusiyanın 10 min nəfərlik ordusu prezident Medvedevin şəxsən imzaladığı sülh razılığını pozaraq Gürcüstan ərazisində qalmağa davam edir. Gürcüstan keçən ilki müharibəyə qədər və müharibə zamanı səhvlərə yol verib, lakin biz aqressor deyilik.

Abxaziya və Cənubi Osetiyaya gəldikdə, onlar Gürcüstanın bir hissəsi olaraq qalır və bütün dünya demək olar ki bununla razıdır, yalnız Rusiya və Nikaraqua onların müstəqilliyini tanıyır. Avropa İttifaqı və ABŞ Gürcüstanın bu iki regionunun da daxil olduğu ərazi bütövlüyünə dəstəyini xüsusi vurğulayıblar. Biz bu regionlar üzərində nəzarəti hərbi yolla bərpa etməyi düşünmürük. Biz çox yaxşı bilirik ki, Rusiya bu ərazilərdə böyük sayda hərbi qulluqşusunu saxlamağa davam edir. Lakin biz bunun üçün nə qədər vaxt lazım olsa da, ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik. Biz demokratiyamızı daha güclü və daha açıq, iqtisadiyyatımızın isə çiçəklənməsi üçün mümkün olan hər şeyi edəcəyik. Biz hesab edirik ki, uzun illər ərzində azadlıq və tərəqqinin cazibə qüvvəsi, Berlin divarını dağıdıb, soyuq müharibəyə son qoya bildiyi kimi, bu ərazilərin bizimlə birləşməsinə gətirib çıxaracaq.

Sual: Cənab prezident ABŞ-ın vitse-prezidenti Co Baydenin səfərindən sonra Gürcüstanın Birləşmiş Ştatlarla münasibətlərinin bu günkü səviyyəsini necə qyimətləndirirsiniz?

Prezident Saakaşvili: Biz vitse-prezident Baydenin səfərini ABŞ-ın Gürcüstanla bir dayandığına, bizim ərazi bütövlüyümüzü və ölkəmizin bərpası istiqamətində səylərimizə, demokratiyamızın möhkəmlənməsinə, habelə Birləşmiş Ştatlar və Avropa ölkələrilə daha yaxın əlaqələr qurulmasına dəstək verdiyinə işarə kimi qiymətləndiririk. Vitse-prezident Bayden demişdir: “Birləşmiş Ştatlar təhlükəsiz, azad, demokratik və gələcəkdə bütöv Gürcüstan istiqamətində yolda sizinlədir.” Gürcülər vitse-prezident Bayden, prezident Obama və onun administrasiyası, habelə Avropa və digər ölkələrdən aldığımız bu dəstəyə görə minnətdardırlar. Biz demokratik təsisatlar quruculuğunda üzərimizə düşən məsuliyyəti başa düşürük. Bu vəzifələrin yerinə yetirilməsi bizim üçün böyük şərəfdir, belə ki, xalqımızı azadlığa aparan yol regionumuz üçün mayak olacaq. Vitse-prezident Baydenin dediyi sözlər mənim uzun müddət yadımda qalacaq:”Dünyada bir çox insan gözünü sizə dikib deyəndə, mən yanılmıram, siz başladığınız inqilabdan bəhrələnib demokratiyanın kök salmasına nail ola biləcəksinizmi-axı demokratiyanın kökləri çox dərindir. Tərəqqiyə çalışan hər bir xalq sizin müvəffəqiyyətinizdə maraqlıdır.”

Biz bununla yanaşı ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığa dair xartiyanın Birləşmiş Ştatlarla münasibətlərimizin dərinləşməsinə kömək edəcəyinə inanırıq. Biz yazda Dövlət Departamentində Amerika-Gürcüstan komissiyasının ilk iclasını keçirərək, artıq Xartiyanın fəaliyyət göstərməsi istiqamətində inkişafa nail olmuşuq.

Biz prezident Obama və onun administrasiyasını Rusiya ilə münasibətlərin yenidən qurulmasını necə həyata keçirdiyinə dəstək veririk, çünki ABŞ açıq bildirib ki, bu, Gürcüstan bahasına baş verməyəcək, Rusiyanın nüfuz dairəsi qonşularını əhatə etməyəcək və Birləmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünə dəstək verməyə davam edir.

Sual: Cənab prezident, Gürcüstanda daxili siyasi vəziyyəti necə şərh edə bilərsiniz?

Prezident Saakaşvili: Bu il ərzində müharibənin, qlobal tənəzzülün nəticələrinin, yazda isə siyasi nümayişlərin şahidi olduq, amma mən hesab edirəm ki, Gürcüstan indi həqiqətən də normal vəziyyətə qayıdır. Üç ay davam edən etiraz nümayişləri müxalifət partiyalarına öz işlərini görmək üçün geniş və böyük imkanlar verdi. Televiziyada və küçələrdə daim debatlar gedirdi və mən bütün gürcülərin söz azadlığını müdafiə edərək, hökumətin maksimum təmkin göstərməsini istədim. Son nəticə ondan ibarətdir ki, müxalifət anladı ki, ölkə dəyişilik və islahatlara küçə nümayişlərilə deyil, partlamentdə debatlarla nail olmaq istəyir. Indi hamıya aydındır ki, hökumət gürcü xalqının iradəsinə uyğun olaraq öz müddətini tam işləyəcək.

Müxalifət və onun etirazları demokratiyanın ayrılmaz hissəsidir, onlar bütün həqiqi demokratiyalarda mövcuddur. Buna görə də biz bu yaxınlardakı etirazlara təmkin və dözümlülük göstərərək, nümayişçilərin hətta Tbilisidə əsas şosse yolunu bir neçə ay bağlamasına imkan verdik. Buna görə mən müxalifəti uzun müddət üçün demokratik islahatlara dair dialoqa dəvət etdim. İndi etirazlar sakitləşib, lakin ağır iqtisadi şəraiti nəzərə alsaq, bilirik ki, müxalifəti müdafiə edən insanlar olacaq. Bu normaldır! Mən gələn il yerli icra orqanlarına seçkilər zamanı canlı diskussiyaların olacağını gözləyirəm, lakin hesab edirəm ki, ən böyk vəzifəm gələn prezident seçkilərində hakimyyətin dinc və demokratik yolla keçidini təmin etməkdən ibarətdir.

Lakin ona qədər mən sizə demişdim ki, islahatlar sahəsində görüləcək işlərimiz çoxdur. Mən bu planların tam həcmdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün müxalifətlə, vətəndaş cəmiyyəti ilə və bizim beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığa arxalanıram.

XS
SM
MD
LG